SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

İnfartktın bir səbəbi də bu imiş

Kalsium orqanizmimizdə həyati əhəmiyyətli elementlərdən biridir. Onun xüsusilə sümük və dişlərin sağlamlığında vacib rol oynadığından çoxlarımız məlumatlıyıq. Yeni araşdırma zamanı isə məlum olub ki, kalsium təkcə sümük və dişlərin yox, ürək-damar sisteminin də sağlamlığına cavabdehdir. Belə ki, Los Anceles Sağlamlıq İnstitutunun alimləri orqanizmdə, qanda kalsiumun çatışmazlığının qəfil infarkta səbəb ola biləcəyini müəyyən ediblər.

Tədqiqatın nəticələri göstərib ki, qəfil ürək dayanması ilə üzləşən xəstələrin 70 faizinin əvvəllər ürəklə bağlı problemi olmayıb. Ona görə də elm adamları bu fenomenin sirrini açmağa çalışıblar. Məlum olub ki, qəfil infarkt keçirən xəstələrin qanında kalsiumun səviyyəsi çox aşağıdır.

Araşdırmaya cəlb edilən 267 nəfəri

n sağlamlıq məlumatını təhlil edən tədqiqatçılar, xəstələrdən ürəklə bağlı problem yaşamamışdan 90 gün qabaq analizlər götürüblər. Onlar müəyyən ediblər ki, qəflətən infarkt keçirən insanların qanında kalsium səviyyəsi normadan aşağıdır. Qeyd edək ki, bu defisitə daha çox diabet, ağciyər və böyrək xəstəliyindən əziyyət çəkən insanlarda rast gəlinir.

Cavanlıq iksiri - sümük suyu

Ta qədimdən sümük suyundan bir çox dərdlərin çarəsi kimi istifadə olunur. Xüsusilə, soyuq aylarda istifadəsi daha effektiv olan bu təam uşaqlar üçün əvəzedilməz immun qoruyucusu, qadınlar üçün cavan qalmağın ən yaxşı üsulu, yaşlılar üçün isə sümük ağrılarının təbii dərmanıdır.

Sümük suyu dəri hüceyrələrini yenilədiyi, sağlam hüceyrələri artırdığı üçün demək olar ki, bütün vitamin, mineral və dərini cavanlaşdıran bahalı kremlərə alternativ hesab edilir. Kollagen və jelatin tərkibi sayəsində bağırsaqları nizama salır, qidaların yaxşı həzm olunmasına kömək edir, iltihabın qarşısını alır. Bundan əlavə, dərinin kollagen liflərinə də təsir edərək onu parlaq və hamar edir.

İndiyə qədər aparılan araşdırmalar sümük suyunun enerji səviyyəsini yüksəltdiyini, oynaq ağrılarından xərçəngə qədər bir çox xəstəliyə çarə olduğunu göstərir. Balıq, toyuq, qoyun və ya dana sümüklərinin qaynadılmasıyla əldə edilən sümük suyu orqanizmdə təsirini ən az 4 saat, ən çox isə 48 saat qoruyur. Həkimlərin sözlərinə görə, sümük suyunu sağlamlıq üçün bu qədər dəyərli edən onun tərkibindəki vitamin və minerallardır. Sümükləri uzun müddət qaynatdıqda onun tərkibindəki kalsium, fosfat kimi faydalı maddələr suya keçir.

Araşdırmalara görə, otla qidalanan heyvanların sümüklərində omeqa 3 yağ turşuları və linoleik turşusu olur. Hər iki turşu növü də bədəndə meydana gələn iltihabın qarşısını alır. Məhz bu səbəbdən də sağlam bir həyat üçün sümük suyundan ömür boyu istifadə etmək tövsiyə olunur. Mütəxəssislər həftənin 3-4 günü 1 fincan sümük suyu içməyi təklif edirlər.

Dişlərimiz nə qədər yaşayacağımızdan xəbər verir

Dişlərimiz təkcə gözəl təbəssüm üçün deyil, eyni zamanda orqanizmimizin sağlamlığının ümumi göstəricisidir. Onların xarici görünüşündə baş verən dəyişikliklərə əsasən, hətta hansı xəstəliyə düçar olduğumuzu da bilmək olar. Belə ki, hər bir diş ayrı-ayrılıqda müəyyən orqanımızdan xəbər verir. Hətta itirilən dişlərin sayına görə insanın nə qədər ömrü qaldığını da öyrənmək mümkündür. "Sözcü" veb saytının yaydığı xəbərə görə, bu metod yalnız ahıl insanlar üçün keçərlidir.

Araşdırma zamanı sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər çox sağlam diş qalıbsa, onun 90 yaşa qədər yaşaya bilmə ehtimalı bir o qədər yüksəkdir. Dişlərin erkən yaşdan tökülməsi isə insanın həyatı boyu çox stres keçirdiyini və sağlamlığına fikir vermədiyini göstərir.

Alimlər belə qənaətə gəliblər ki, insanın dişlərinin sayının çox olması miokard infarktının yaranma riskini azaldır. Araşdırmaların nəticələri göstərir ki, dişlərinin sayı 10-dan az olan ahıl insanlar, dişlərinin sayı 25 olan insanlardan 7 dəfə daha tez dünyasını dəyişirlər. Qeyd edək ki, dişlərin sayının az olması keçirilmiş iltihabi xəstəliklərlə bağlı olduğu üçün infarktla əlaqələndirilir.

Bu qidalar yaddaşımızı poza bilər

Amerikalı elm adamları demensiyaya səbəb olan daha bir faktı ortaya çıxarıblar. Belə ki, ABŞ-ın Kornelli Universitetinin alimləri duzlu qidalara, xüsusilə də şorabalara daha çox meyil edən insanların gələcəkdə demensiya - əqli və yaddaş pozulması problemi ilə qarşılaşma riskinin yüksək olduğunu müəyyən ediblər.

"The Journal of Nutrition" jurnalında dərc olunan araşdırmaya görə, neyrobioloq Cuzeppe Farakonun rəhbərliyi ilə laboratoriya siçanları üzərində təcrübə aparılıb. Gəmiricilər 3 ay müddətində yüksək duzlu qidalarla bəslənilib. Müəyyən bir müddətdən sonra onlarda demensiyanın simptomları aşkar olunub. Belə ki, siçanlar yuvalarından çıxdıqdan sonra yolu tapmaqda çətinlik çəkiblər.

Alimlər müəyyən ediblər ki, həddindən artıq duz istehlakı beyni qidalandıran arteriyaların divarlarında kimyəvi dəyişikliklər yaradır ki, bu da oksid azot sintezinin dayanması ilə nəticələnir. Hansı ki, məhz oksid azot damarları genişləndirir, qan dövranını təmin edir.

Eləcə də yeni araşdırma zamanı sübut edilib ki, duzlu qida neyronlarda tay-zülalın stabilliyini pozur. Bu zülal neyronların sağlamlıq və funksiyalarını təmin edir. Oksid azot çatışmadığına görə, tay-zülallar neyronları tərk edir, bir yerə yapışıb neyrofibrilyar toplar əmələ gətirir. Bununla da beyindəki neyronlar ölməyə başlayır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".