Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni intellekt vasitəsilə bu da mümkün oldu...

ABŞ -ın Feinstein Bioelektronik Tibb İnstitutunun bir qrup tədqiqatçısı iflic olan insanlar üçün çox faydalı olacaq texnologiya-süni intellektlə işləyən çip hazırlayıb. Beyin implantı sayəsində 3 ildir iflic xəstəsi olan Keyt Tomas əlini yenidən hərəkət etdirə bilib.

Məlumat üçün qeyd edək ki, Keyt Tomas adlı nyu-yorklu kişi 2020-ci ildə avtomobil qəzasında onurğa sütununu zədələyib. Qəzadan sonra o, döş qəfəsinin altında tam hissiyyat və hərəkət itkisi yaşayıb. İflic olan Tomas süni intellektlə dəstəklənən beyin implantı sayəsində əlini hərəkət etdirə bilib. Komandanın hazırladığı süni intellekt dəstəkli beyin implantı texnologiyası sayəsində Tomas bacısının onun əlindən tutduğunu da hiss edə bilib.

Qeyd edək ki, komanda aylar ərzində Tomasın beynin qol hərəkətləri və əllərdə toxunma hissi üçün məsul olan hissələrini dəqiq müəyyənləşdirmək məqsədilə sınaqlar aparıb. Dörd ay əvvəl isə 15 saatlıq əməliyyatdan sonra MRT (maqnit rezonans görüntüləmə) vasitəsilə Tomasın beyninə mikroçiplər daxil edilib.

Texnologiya gələcəkdə iflic olan insanlara daha müstəqil yaşamağa kömək edə bilər. Hələ ki, tam olaraq təkmilləşdirilməsə də, beyin implantının gələcəkdə ifliclə yaşayan insanların həyatını dəyişmək potensialına malik olduğunu söyləmək mümkündür.

 

Elektrik enerjisini saxlaya bilən sement

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri elektrik enerjisini saxlaya bilən sement hazırlayıblar. Əldə olunan material sayəsində inşa olunan tikililər nəhəng akkumulyatorlara çevrilə bilər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, MIT tədqiqatçıları sementi nəhəng superkondensatora çevirməyin yolunu tapıblar. Elm adamları yeni maddə yaratmaq üçün sement, su və karbonun qarasından (yanma proseslərində yaranan kömürəbənzər maddə) istifadə ediblər. Nəticədə potensial olaraq, tikililərin təməlini və yolları akkumulyatorlara çevirə bilən elektrikli sement əldə edilib.

"Əldə etdiyimiz material çox heyrətamizdir, çünki insan tərəfindən hazırlanan materiala, karbon qarası ilə birləşmiş sementə sahibik", - deyə MIT-ın materialşünası Admir Masic mövzu ilə bağlı açıqlamasında qeyd edib.

Tədqiqatçılar superkondensator sementdən inşa edilmiş tikilidə sözügedən material sayəsində gün ərzində kifayət qədər enerjinin saxlana biləcəyini söyləyirlər. Həmçinin, yeni qarışımdan elektrik avtomobillərini gücləndirmək məqsədilə yollarda da istifadə edilə bilər. Bundan əlavə, yeni material xüsusilə qış aylarında yollarda duza ehtiyac olmadan buzları əritmək üçün də məqsədəuyğundur.

Yenilik təhlükəsizlik və ətraf mühitlə bağlı problemlərin həll olunması ilə yanaşı, həmçinin təmir və istismar zamanı qənaət baxımından da faydalı olacaq.

 

Qeyri-adi planet kəşf edilib

Amerikalı elm adamları Yer kürəsindən 1232 işıq ili uzaqlığında yerləşən qeyri-adi planet kəşf ediblər. Kəşf edilmiş planetin ölçüsü Yupiterin ölçüsündən böyük olsa da o, daha çox şirin pambığı xatırladır.

Müşahidələr zamanı məlum olub ki, "WASP-193b" adlandırılan yeni planetin sıxlığı Yer kürəsinin sıxlığının 1 faizinə bərabərdir. Qeyd edək ki, planetin sıxlığı hər kubsantimetr üçün 0.059 qram təşkil edir. Bu isə şirin pambığın malik olduğu sıxlığa (hər kubsantimetr üçün 0.05 qram) yaxın olan sıxlıqdır. Müqayisə üçün qeyd edək ki, Yer kürəsinin sıxlığı hər kubsantimetr üçün 5.51 qram, Yupiterin sıxlığı isə hər kubsantimetr üçün 1.33 qram təşkil edir. Maraqlısı odur ki, "WASP-193b" Günəşə bənzəyən ulduz ətrafında dövr edir. Planetin ulduzu Günəşdən cəmi 1.1 dəfə kütləlidir, temperatur və yaş baxımından da ona yaxındır. Məlumata əsasən, sözügedən planet öz ulduzu ətrafında tam dövrü 6.25 günə reallaşdırır.

 

Kiberhücumlar üçün çat-bot yaradıldı

Son dövrlər süni zəka əsaslı sistemlər təkcə biznes, elm və incəsənət ilə məşğul olanların deyil, həmçinin dələduzluqla məşğul olanların da diqqətini cəlb edir. Belə ki, bu yaxınlarda hakerlərə yardım məqsədilə süni zəka əsaslı çox güclü çat-bot yaradılıb. İstifadəyə verilən "FraudGPT" adlı çat-bot zərərli proqram təminatları əsasında təlimatlanıdırılıb.

Sözügedən çat-bot kibercinayətkarlar üçün nəzərdə tutulmuş universal alətdir. O, elektron məktubların və zərərli proqram təminatlarının tərtib olunması, müxtəlif sistem boşluqlarının axtarılıb tapılması və tapılmış boşluqların kiberhücumlarda tətbiqində istifadə edilir. Məlumata əsasən, "FraudGPT"dən aylıq istifadə haqqı 200 dollar təşkil edir və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "SlashNext" şirkətinə verilib. Həmçinin bildirilib ki, hazırda "DarkBART" və "DarkBERT" adlı yeni çat-botlar da hazırlanır.

Adları sadalanmış bu yeni çat-botların internetə çıxışları olacaq və onları hətta "Google Lens"ə də inteqrasiya etmək mümkün olacaq. Bu vasitə ilə isə çat-botlar hakerlərə mətnləri fotolarla birlikdə ötürə biləcəklər. Qeyd etmək lazımdır ki, Koreya Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanmaqda olan "DarkBERT" adlı süni zəka modeli kibercinayətlərlə mübarizə üçün nəzərdə tutulub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".