Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Pakistanın “Qlobal Sənaye və Müdafiə Həlləri
Digər xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Pakistanın “Qlobal Sənaye və Müdafiə Həlləri" şirkəti arasında memorandum imzalanıb

Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgilərində iştirak edən Pakistanın "Qlobal Sənaye və Müdafiə Həlləri" şirkəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) arasında əməkdaşlığa başlamaq haqqında razılıq əldə olunub.

AZƏRTAC Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla xəbər verir ki, sentyabrın 8-də bununla bağlı Bakı Ekspo Mərkəzində tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, Pakistanın "Qlobal Sənaye və Müdafiə Həlləri" şirkətinin baş direktoru Muhammad Laqeel, şirkətin icraçı direktoru Asad Kamal və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər əməkdaşlığın ilkin prinsiplərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, bu əməkdaşlıq yeni layihələrin hazırlanaraq uğurla ərsəyə gətirilməsinə, hər iki tərəfin hərbi-texniki sahədə daha da inkişafa nail olmasına təkan verəcək.

Daha sonra M.Əliyev və A.Kamal əməkdaşlığa dair memorandumu imzalayıblar.

Xatırladaq ki, sentyabrın 7-də ETİ ilə Türkiyənin "HAVELSAN" Hava Elektronik Sənaye və Ticarət Kurumsal şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.

AZƏRTAC