CƏMİYYƏT

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun geniş tərkibdə iclası

Mayın 17-də "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" İşçi qrupunun yeni rəhbərinin elan edilməsi və "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"nin layihəsinin müzakirəsi üzrə iclas keçirilib.

Bu barədə verilən məlumatda bildirilir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, işçi qrupunun rəhbəri, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və işçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun Komissiyanın əsas işçi qruplarından biri olduğunu, işçi qrupun ötən illərdəki fəaliyyətində kifayət qədər uğurlu nailiyyətlərin olduğunu, yol xəritələrinin əsasən qanunvericilik aspektindən uğurla icra edildiyini bildirib. Daha sonra o, işçi qrupun yeni rəhbərini iclas iştirakçılarına təqdim edib.

İşçi qrupun rəhbəri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Toğrul Hüseynov çıxış edərək, işçi qrupun fəaliyyətində ən son islahatlar, əldə edilmiş nailiyyətlər və qarşıda duran işlər barədə məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"nin layihəsinin təqdimatı aparılıb və layihənin müzakirəsi həyata keçirilib, tədbir iştirakçılarının layihəyə dair təklifləri dinlənilib.

Layihədə məhkəmə qərarlarının icrası, bu sahədə şəffaflığın artırılması, məhkəmə sisteminin müxtəlif səviyyələrində kommersiya məhkəmə çəkişmələrinin rəqəmsallaşdırılmasının qiymətləndirilməsi, mübahisələrin alternativ həlli ilə əlaqədar xidmətlər, maarifləndirmə və təbliğat işlərinin aparılması və digər məsələlərlə bağlı tədbirlər nəzərdə tutulub.

Tədbir iclas iştirakçılarının sərbəst çıxışları və işçi qrupun fəaliyyəti üzrə müzakirələr şəklində davam etdirilib və iclasın nəticəsi üzrə qərarlar qəbul olunub.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

“Respublika”.