Xocalıda qürur, iftixar, ləyaqətli qayıdış təntənəsi yaşanır
CƏMİYYƏT

Xocalıda qürur, iftixar, ləyaqətli qayıdış təntənəsi yaşanır

Biz qayıdacağıq! Bu iki kəlmə sözdəki inam, qətiyyət, dönməzlik, cəsarət iyirmi il bundan əvvəl demək olar ki, bütün dünyanın ermənilərə havadarlıq etdiyi dönəmlərdə, işğalı dondurmağa cəhd edən dövlətlərin məkrli siyasətinin tüğyan etdiyi vaxtlarda dövlətimizin başçısı İlham Əliyevin güclü xarakterini, Vətən, torpaq, yurd məhəbbətini ifadə edirdi. Dedi və etdi! Tarixin və zamanın gərdişini dəyişən, doğma xalqının və Azərbaycanın şərəfini ucaldan, düyünə salınmış və uzun illər sanki tilsimlənmiş problemi öz əsgəri ilə döyüş meydanında həll edən, ərazi bütövlüyümüzü, suverenliyimizi xilas edən Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi, diplomatik məharəti, fədakarlığı, qətiyyəti sayəsində İkinci Qarabağ müharibəsində əldə edilən əzəmətli və şanlı qələbə indiki və gələcək nəsillər üçün əsl qürur mənbəyidir. Bu qələbə Azərbaycana faciə və fəlakətlər gətirən iki yüz illik erməni-daşnak təcavüzünə, qəddar işğala, ermənipərəst qüvvələrin siyasi təxribatlarına birdəfəlik son qoydu.

2020-ci il noyabr ayının 23-də bir güllə atılmadan işğaldan azad edilən Ağdama səfəri zamanı düşmənin törətdiyi xarabalıqlar içərisində nisbətən salamat qalan məscidə Məkkədən gətirdiyi Quranı hədiyyə edən dövlət başçısının dediyi sözlər iyirmi il ərzində yaşadığı anların, düşüncələrin, həyat fəlsəfəsinin etirafı idi: "Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb...".

Zaman göstərdi ki, lider-xalq birliyi sözdə deyil, əməldə, işdə, münasibətlərdə, qarşılıqlı ünsiyyətdədir. Dövlət başçısının xarakterinin ən təsirli cizgilərindən biri də öz ad günlərini, bayramları, ölkəmiz üçün əlamətdar günləri xalqla bir yerdə qeyd etməsi, onlara xoş xəbərlər çatdırması ilə yaddaşlara yazılır. 2011-ci il dekabrın 24-də Prezident öz ad gününü Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə laçınlı məcburi köçkünlər üçün inşa edilmiş 552 ailəlik yeni qəsəbənin açılış mərasimi ilə qeyd etdi. Laçınlı ağsaqqalın "50 yaşınızı gəlib bizimlə keçirməyinizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz". Sözlərinə Prezident cavabında dedi ki, "sizinlə bərabər, Qarabağda. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir".

Bir zamanlar adama yuxu, xəyal kimi görünən 30 il işğalda qalan torpaqların azad edilməsi həmin həqiqətin, inamın, fədakarlığın, diplomatik məharətin, cəsarətin, qəhrəmanlığın təsdiqidir. 30 il demək olar ki, keçmiş məcburi köçkünlər arasında olmuşuq, o həsrəti yaşamışıq. Həmin illərdə yurd nisgilli insanlarla həmsöhbət olanda bir həqiqəti anlamışıq ki, bu insanların qəlbindəki torpaq, yurd, ev, ocaq məhəbbəti heç zaman ovxardan düşməyib. Doğma ev, ocaq həsrəti bəzən adamları körpə uşaq kimi ağladır, göz yaşları içərisində dədə-baba yurdlarından söz açan kimi, o dəqiqə də o yerlər elə bil onları öz ağuşuna alırdı. Keçmiş zamanda danışmırdılar, sanki o yerlərlə nəfəs aldıqları, orada yaşadıqları, sanki öz ocaqlarının başındaymış kimi söhbət edirdilər. Bu inamı onlarda dövlətimizin başçısı yaratmışdı, onlar inanırdılar ki, Azərbaycan bu yaranı mütləq öz köksündən qoparıb atacaq. Xalqımızın ən əziz bayramını Suqovuşana qayıdan sakinlərlə birlikdə keçirən, bayram tonqalını alovlandıran Prezident İlham Əliyev bildirmişdi ki, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Prezident Qarabağa və Şərqi Zəngəzura qayıdışla bağlı gözəl bir ənənənin təməlini qoyub. Keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı mütləq əlamətdar günlərə təsadüf edir. İki il əvvəl Müstəqillik Günündə Ağalı, ötən il Laçın, bu il isə Xocalı öz sakinlərini qarşıladı. Keçmiş məcburi köçkünlərin həsrətlə gözlədikləri anlara şahidlik edirik, yurd nisgilli insanlar toy-bayramla, şükranlıqla, sevinc göz yaşları ilə yenidən qurulan şəhərlərə və kəndlərə qayıdırlar. Həm də Azərbaycan heç yerdən və heç kimdən kömək gözləmədən öz gücü, öz iradəsi ilə misli görünməyən quruculuq işlərini sürətlə, keyfiyyətlə, modern üslubda, milli memarlıq ənənələri üzərində aparır və ermənilərin törətdikləri böyük fəlakətin üstündən cəmi üç ildən artıq vaxt keçməsinə baxmayaraq, minlərlə soydaşımız öz dədə-baba yurdlarına qayıdırlar. Dirçəliş təkcə quruculuq işlərində deyil, bu, həm də insanların mənəviyyatında, arzularında, gələcək ümidlərində baş verir.

Yaralı daşların, qırılan talelərin, məhv edilən arzuların şahidi olan Xocalıda indi şərəf, qürur, iftixar, ləyaqətli qayıdış təntənəsi yaşanır. Xocalılıların yurda qayıdışı susuzluğun od vurub köz kimi yandırdığı dodağın su sevməsi, iynənin ucu boyda işığa həsrət qalan gözün işığı sevməsi kimidir. İllər ötsə, əsrlər keçsə də Azərbaycan xalqı ermənilərin törətdikləri Xocalı soyqırımını heç vaxt unutmayacaq, mənfur düşməni heç vaxt bağışlamayacaq. Xüsusilə, ermənilərin havadarları, bəzi Qərb dövlətləri, ermənipərəst dairələr, onların şər və böhtan dəyirmanına dən tökənlər bilməli idilər ki, Xocalı qatilləri son nəfərinədək cəzalandırılacaq. Belə də oldu. Azərbaycan əsgəri əlləri körpə uşaqların qanına bulaşmış Robert Köçəryanı və Serj Sarkisyanı - bu iki quldurun "qurduğu güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğratdı, qorxaqlar qaçıb gizlənməyə məcbur oldular, şəhidlərimizin qisası döyüş meydanında alındı. Ötən ilin 19-20 sentyabr tarixində qəhrəman silahlı qüvvələrimizin bölmələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənərək işğaldan azad edildi. Bu tarixi gün xocalılıların həyatına günəş kimi doğdu. İndi xocalılıların dillərində xoş müjdələr dolaşır, bir-birinə gözaydınlığı verirlər, sevinc göz yaşları ilə şükranlıqlarını bildirirlər. Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi üçün tədbirlər görülür. Hazırda Xocalıda da çox geniş bərpa-quruculuq işləri davam etdirilir.

30 illik həsrətdən sonra doğma yurdlarına qayıdan xocalılıların sevincinin həddi-hüdudu yoxdur. Deyirlər ki, çox şükür edirik ki, yurd həsrətimizə son qoyulur. Xocalıya qayıtmaq hər birimizin arzusudur, inanırıq ki, Xocalıda öz övladlarımızın, nəvələrimizin gələcəyini quracağıq. Sanki yuxu görürük, amma bu bir həqiqətdir ki, biz Xocalıya qayıtmışıq. Qürur hissi keçiririk ki, Xocalımız artıq azaddır. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, Azərbaycan bütövləşdi. Qalib xalqın övladı kimi Xocalıya qayıdırıq.

Xocalıya köç edən sakinlərdən biri də Sərdar Abışovdur. 1970-ci ildə Xocalıda dünyaya göz açan Sərdar hər bir soydaşımız kimi sevinc və fərəh hissi ilə doğma yurduna qayıdıb. Deyir ki, 22 yaşında tərk etdiyi Xocalıya başı dik, qürurlu və ləyaqətli şəkildə qayıdır:

- Allah cənab Prezidentimizə cansağlığı versin. O, qanlı-qadalı günlər görmüş Xocalı sakinlərini bağrına basdı, bizimlə doğma torpaqda görüşərək daima yanımızda olduğunu göstərdi. Mən həmin günlərin kədəri, bu günlərin həsrəti ilə 32 il yaşamışam. Ailəmiz Xocalını ən son tərk edənlərdən olubdur. Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi kimi son məqama qədər silahı yerə qoymamışam. Şükürlər olsun ki, bu gün fəxarətlə deyə bilərəm ki, xalqımız qalib xalqdır. Cənab Prezident İlham Əliyevin göstərişi ilə Xocalıda ailəmizə yeni ev verilib. Həyat yoldaşım və qızımla birgə bundan sonra doğma el-obamda qurub-yaradacağam.

Doğma yurda köç sevincini yaşayan digər bir həmvətənlimiz Müşfiq Aslanovdur. Əfsuslar olsun ki, o da Xocalı soyqırımında yaxınlarını itirib. Erməni vandalizminin izlərini ağlından silə bilməsə də doğma yurd yerinə qayıdış köksündəki ağrı-acını sevincə çevirib:

- 32 il əvvəl gözümüzdən axan yaş, qəlbimizin ağır kədəri bu gün sevinc göz yaşlarına çevrildi. Xocalı istiqamətində yola çıxdığımız zaman bu hisslər həyəcanımı artırdı. İtirdiyim ailə üzvlərimin həsrəti, övladlarımın və həyat yoldaşımın sevinci ilə yurd yerinə ayaq basdım. Çox istərdim ki, bu xoş gündə Xocalı soyqırımı zamanı meşədə itkin düşmüş bacım da yanımızda olaydı. Əfsuslar olsun ki, bu günə qədər ondan xəbər almaq mümkün olmayıb. Bu hisslərin sözlərlə ifadə olunması mümkün deyil. Allah cənab Prezidentimiz İlham Əliyevə uzun ömür bəxş etsin. Şükür olsun ki, bu gün Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində 2 övladıma öz dədə-baba torpağını göstərmək nəsib oldu. Talan edilmiş, erməni vəhşiliyinə məruz qalmış evlər 8 aya tam bərpa edilərək təhvil verildi. Bütün şəraitimiz yüksək səviyyədə təmin olunub.

Həyatının bahar çağında - 20 yaşında yurd yerindən ayrı düşmüş Natiq Əzizov da Xocalıya köç növrağının iştirakçısıdır. Cənab Prezident İlham Əliyevin sakinlərlə səmimi görüşünü fəxarət hissilə bildirən Natiq bu xoşbəxt günlərə hələ də inana bilmir:

- Müvafiq idarədən telefonuma zəng gələn zaman Xocalının həsrətini köksümdə daha dərindən hiss etdim. Anladım ki, artıq hicran vüsala yetəcək. 32 il boyunca ürəyimizdə qaysaq bağlamayan bu yara artıq sağalacaq. Əfsuslar olsun ki, bu günləri Xocalıda şəhid olmuş qardaşım görə bilmədi. Həmyerlilərimlə birlikdə cənab Prezidentimizə minnətdarıq. Biz xocalılılara doğma torpaqda sonsuz sevinc yaşatdı. Uzun illər həyatı, gülüşü yarımçıq qalan Xocalı sakinlərinin ürəyinə hərarət, yaşamaq eşqi gətirdi. Xocalıda bütün qonşularıma, qohumlarıma baxanda görürəm ki, hamımızın bir gözündə kədər, digərində sevinc var. Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş həmyerlilərimin köksündəki kədərin səbəbkarları bu gün ən ağır cəzalarını çəkirlər. Mənim də qardaşım Xocalıda döyüşənlər sırasında idi. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Onun qanı yerdə qalmadı, Ali Baş Komandımızın liderliyi, ordumuzun şücaəti nəticəsində qisasımız döyüş meydanında alındı. İndi deyirəm ki, ruhun şad olsun, şəhid qardaşım. Biz doğma yurdda sənin və bütün şəhidlərimizin əziz xatirəsini daim yaşadacağıq. Soydaşlarımız dədə-baba yurdunda qurub-yaratdıqca onların da ruhu şad olacaq.

Xocalı 8 aya ərsəyə gələn möcüzədir, yeni, müasir, modern bir şəhər öz sakinlərinə qucaq açıb. Ağdam-Xankəndi-Şuşa yolunun üzərində yerləşən bu şəhər davamlı inkişaf edən canlı regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Beynəlxalq hava limanı, şəhər ətrafından keçən respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək. Baş Planın əsasında "ağıllı şəhər" həlləri, dayanıqlı iqtisadiyyat və ətraf mühit, "yaşıl enerji"dən istifadə imkanları, davamlı inkişaf edəcək şəhər mühiti kimi konseptual yanaşmalar dayanır. Bura enerjiyə qənaətli yaşıl binalar, küçə işıqlandırılması, sıfır karbon emissiyalı istehsalat, elektrik enerjili doldurma məntəqələri, inteqrə olunmuş mühəndis infrastrukturları, "ağıllı" idarə olunan suvarma sistemləri kimi yeniliklər daxildir. Xocalı şəhəri mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 610 hektardan 1290 hektara, əhali sayının isə 9100 nəfərdən 12 minə çatacağı proqnozlaşdırılır. Coğrafi mövqe və təbii zənginlik burada aktiv sosial həyat, təbiətlə təmasda keyfiyyətli yaşayış imkanlarını təmin edəcək. Xocalı rayonunun əlverişli təbii-coğrafi şəraiti sayəsində burada əkinçilik və heyvandarlıq üçün geniş imkanlar mövcuddur. Kənd təsərrüfatının şəhər iqtisadiyyatında da xüsusi paya malik olacağı nəzərə alınaraq, Baş Plana əsasən, 91 hektar ərazi aqroparkın fəaliyyəti üçün ayrılacaq. Həmçinin şəhərin cənub hissəsində 88 hektar sahənin sənaye ərazisi üçün istifadə olunması təklif edilir. Əlbəttə, bütün bunlar əhalinin dayanıqlı məşğulluğuna zəmin yaradacaq.

Xocalıda soyqırımı ilə əlaqədar Memorial Kompleks də yaradılır. Ötən gün Xocalı sakinləri ilə görüşdə bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Memorial Kompleksin yaradılması ilə bağlı məsələlər uzun illər müzakirə edilib, hətta Bakıda "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir".

Salman ALIOĞLU,

Nurlan ABDALOV,

"Respublika".