Bərpa-quruculuq işləri geniş vüsət alıb
CƏMİYYƏT

Bərpa-quruculuq işləri geniş vüsət alıb

"Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik". Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirib.

Ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin daha geniş vüsət almasına böyük təkan verib.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr işğaldan azad olunmuş rayonların sürətlə dirçəlməsinə, burada əhalinin daimi, təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir. Böyük Qayıdış proqramının birinci mərhələsinin 2026-cı ilin sonunda başa çatması və 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq, bütün sosial infrastruktur - xəstəxanalar, məktəblər, olimpiya kompleksləri, yollar, tunel və körpülər inşa edilir.

"Yaşıl enerji zonası" elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr reallaşdırılır. Bu ərazilərdə su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında altı istiqamət üzrə prioritet müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, "yaşıl enerji", nəqliyyat-logistika və turizm. Sözügedən ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti və nəqliyyat potensialı nəzərə alınaraq regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Ağdam şəhəri yüngül sənaye və xidmət, Zəngilan, Cəbrayıl və Füzuli rayonları nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik və "yaşıl enerji", Laçın və Kəlbəcər rayonları dağ-mədən sənayesi, turizm, "yaşıl enerji" və heyvandarlıq mərkəzlərinə çevrilir. Yaradılacaq bu mərkəzlər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb. Hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür. Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Rayonun Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu kənd rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və ümumi ərazisi 180.04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. Kəndlərin birinci fazası üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü planlaşdırılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri üçün 2023-cü ilin dövlət büdcəsindən 5581,6 milyon manat vəsait ayrılıb.

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-bərpa quruculuq işləri ümumilikdə ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq.

M.MİRZƏ,

"Respublika".