Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib
CƏMİYYƏT

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir. 

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəli yüklərin düzgün daşınmaması, avtoqəza belə yanğınların əsas səbəbləridir. 2024-cü ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olub.

"FHN avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir".

Həmçinin hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun yararlı və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasən avtomobilin salonunda saxlanılmalıdır. 

"Avtomobilin salonunda tüstü və ya yanıq qoxusu yanğın əlamətidir. Alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. İlkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin", - deyə bildirilib.