Mehmanxanalar ilin birinci yarısında 209,3 milyon manat gəlir əldə edib
Gündəm

Mehmanxanalar ilin birinci yarısında 209,3 milyon manat gəlir əldə edib

2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artaraq 1 363,2 min olmuşdur.

“Respublika” xəbər verir ki, Dövlət Statistika Komtəsinin son məlumatına görə, gecələmələrin ümumi sayının 61,1 faizi Bakıda, 5,0 faizi Qusarda, 4,8 faizi Qubada, 4,4 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,0 faizi Şabranda, 2,8 faizi Lənkəranda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 5,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə), mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 faiz artaraq 788,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,8 faizini təşkil edir.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 575,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,2 faizini təşkil edir.

2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz artaraq 209,3 milyon manat olmuşdur. Onun 60,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,4 faizi ictimai iaşə xidmətlərindən, 4,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

“Respublika”.