Kəvər: Göyçə mahalının qədim yaşayış məskəni
Sosial həyat

Kəvər: Göyçə mahalının qədim yaşayış məskəni

Yurd yerlərimiz

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Soydaşlarımız indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində də həmişə türklər yaşamış, özlərini kimsəsiz, yazıq millət kimi qələmə verən ermənilər isə köçəri tayfalar kimi çar Rusiyasının dəstəyi ilə bu ərazilərə ayrı-ayrı ölkələrdən gəlmişlər. Ayaqları yer tutandan sonra haylar fürsət düşən kimi azərbaycanlılara qarşı hansı vəhşilikləri törətməmişlər?

Göyçə mahalının Kəvər bölgəsi Qərbi Azərbaycanın bir hissəsi olmuşdur. Rayon Ermənistan Respublikasının şimalında, Göyçə gölünün sahilində yerləşirdi. Bura Abovyan (keçmiş ellər Kotayk), Krazdan (keçmiş Axta), Sevan (keçmiş Yelenovka) və Martuni (keçmiş Aşağı Qaranlıq) rayonları ilə həmsərhəd idi. Ərazisi 637 kvadratkilometr, əhalisi 1978-ci ilin məlumatına görə 26704 nəfər olan Kəvərin mərkəzi Kamo, daha sonra Nova Bayazet, 1930-1959-cu illərdə Nor Bayazet olmuşdur. 1920-1922-ci illərdə rayonun ərazisinə Türkiyədən gətirilmiş ermənilər yerləşdirilmişdir.

Rayon mərkəzindən İrəvan şəhərinə qədər məsafə 98 kilometr idi. Ermənilər burada məskunlaşdıqdan sonra ilin yaz, yay fəsillərində Rusiyadan gələn və həmişə hayların sözünü deyən dostları üçün Göyçə gölünün sahillərində qonaqlıqlar təşkil etmiş, ermənipərəst qüvvələr həmişə xaç qardaşları kimi bir-birilərinə dayaq olmağa söz vermişlər. Elə buna görə də rus ordusunun hərbçiləri ayrı-ayrı illərdə İrəvan şəhərində, Kəvərdə erməni separatçıları ilə birləşərək azərbaycanlılara qarşı amansız qırğınlar törətmişlər.

Qədim tarixi mənbələrə görə, Kəvər rayonunun ərazisi bir vaxtlar Sünik əyalətinin şimal-qərb hissəsinə daxil olmuş, sonra ərəblərin, səlcuqların, monqol-tatarların, səfəvilərin, əfşarların, qacarların, İrəvan xanlığının hakimiyyəti altında olmuşdur.

1828-ci ildən 1917-ci ilin fevralına kimi çar Rusiyasının təkidi ilə Kəvərin adı dəyişdirilərək Nova Bayazet adlandırılmış, 1920-ci il noyabrın 29-da isə yeni qurulmuş Ermənistan SSR-in tərkibinə daxil edilmişdir.

Bir çox mənbələr göstərir ki, vaxtilə haylar burada azlıq təşkil etmiş, tədricən azərbaycanlılara qarşı xəyanət toru hazırlamışlar. Erməni vandalları bu əraziyə Rusiyanın Cənubi Qafqazı, xüsusən də İrəvan xanlığını işğal etdikdən sonra Osmanlı İmperiyasından və Qacar imperatorluğundan (İran) köçüb gəlmişlər. Bu tarixə qədər rayonun ərazisində yaşayan xristianlar erməni (hay) deyil, xristian albanlar (türklər) olmuşlar.

1897-ci il siyahıyaalınmanın nəticələrinə görə, Kəvər rayonunun ərazisində 18 kənddən 14-də sırf türklər (azərbaycanlılar), 4-də isə ermənilər (haylar), 5 kənddə isə həm türk, həm də ermənilər bir yerdə yaşamışlar.

1905-ci ildə baş vermiş erməni-azərbaycanlı münaqişəsi zamanı ermənilər bir çox türk kəndlərini dağıdıb əhalisinin bir hissəsini öldürmüş və ata-baba yurdlarından didərgin salmışlar.

Ermənilərin türklərə qarşı soyqırımı hərəkatı 1918-1920-ci illərdə, yəni Ermənistan Respublikasının mövcud olduğu dövrdə həyata keçirilmişdir. 1920-ci il noyabrın 29-da daşnak Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildən azərbaycanlı qaçqınlar yenidən doğma yerlərinə qayıdaraq dağılmış evlərini və təsərrüfatlarını bərpa etməyə başlamışlar. Artıq bu türk kəndlərinin çoxunda boşalmış evlərə Türkiyədən gəlmiş ermənilər yerləşdirilmişdir. Elə o dövrdən də bu kəndlər qarışıq kəndlər oldu. Yəni türklərlə ermənilər 1948-1988-ci ilə kimi bir yerdə yaşamalı oldular.

Kəvər rayonunun ərazisində yaşayan azərbaycanlılar həmişə öz adət-ənənələrini qoruyub saxlamış, el şənliklərində aşıq musiqisinə üstünlük vermiş, hətta o dövrlərdə "Kəvəri" aşıq havası da yaradılmış, el aşıqları telli sazda bu havanı çalıb-oxumuşlar.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən öz tarixi-etnik torpaqlarından köçürülməsinə başlanmış, soydaşlarımız deportasiyaya məruz qalmışlar. Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməmiş və ədalətsizlik beynəlxalq ictimaiyyətə çatdırılmamışdır. Vurğulamaq lazımdır ki, həmin illərdə Qərbi azərbaycanlıların deportasiyaya məruz qalması Stalin, Molotov və digər ermənipərəstlərin xəyanəti sayəsində baş vermişdir.

Köçürülmə dövründə Göyçə mahalının Kəvər rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən amansız təzyiqlərə məruz qalmış, var-dövləti erməni daşnakları tərəfindən dağıdılıb talan olunmuşdur. Deportasiya zamanı Kəvərdə çox az sayda azərbaycanlı qalmış, Moskva və Ermənistan rəhbərliyi bu ədalətsizliyə, azərbaycanlıların düçar olduqları əzab-əziyyətə göz yummuşlar.

Erməni xəyanəti nəticəsində Kəvər rayonundakı Əyrivəng, Kosaməmməd, Hacı Muğan, Muğan, Başkənd, Qulalı, Küzəcik, Ağzıbir, Naradüz, Kərimkənd və digər kəndlərin adı dəyişdirilərək erməniləşdirilmişdir.

Kəvər rayonunun sakinləri uzun illərdir ki, yurd həsrəti ilə yaşayır və inanırlar ki, tarixi Qarabağ zəfərindən sonra Qərbi Azərbaycanın itirilmiş torpaqlarına qayıdacaq, Kəvər mahalında "Cəngi" sədaları eşidiləcək.

Qədir ASLAN,

"Respublika".