Elbrus Bayramov
Sosial həyat

Elbrus Bayramov

Tarixi Zəfərin qazanılmasında  böyük  şücaət  göstərərək  canını qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramovdur. 1 dekabr 1986-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Xidməti dövründə Elbrus Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 ,100 illik yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları  ilə təltif edilib.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Elbrus bölüyü ilə döyüşə Füzuli rayonundan başlayır və birbaşa irəli atılır. Elbrus idarə etdiyi tankda minaya düşüb yaralanmasına baxmayaraq, geri çəkilmir, zirehli tankla ermənilərin silah dolu maşınını və otuzdan çox canlı qüvvəsini məhv edir. Oktyabrın 1-də isə düşmənin o istiqamətdə  bütün döyüş, rabitə və tibb heyəti  darmadağın olunur. Strateji yüksəkliklər isə Azərbaycan döyüşçülərinin əlinə keçir. Öz döyüşçüləriylə canları və qanları bahasına qazandıqları mövqeləri əldən vermirlər. Yaralı-yaralı vuruşan mayorun  ağrıları, acıları yadına belə düşmür. Onun və döyüş dostlarının məqsədi tezliklə Qarabağ torpaqlarını yağılardan geri almaq, haqq  müharibəsini qələbə ilə başa vurmaq idi. Oktyabrın 2-də Füzuli ətrafında düşmən bunkerinə hücum əmri verilir. Ermənilərin əsas canlı qüvvəsi məhz orada cəmləşmişdi.  

Elbrus həmin gün mühasirəyə düşmüş taborun köməyinə şəxsi heyəti ilə  gəlir və  çətin mövqedən çıxara bilirlər. Oktyabrın 2-də  şəxsi  bölüyü ilə hücuma keçən mayor Elbrus  Bayramov tarixə öz adını yazdı.  

Elə həmin anda qanlı döyüş gedərkən əfsanəvi qəhrəmanlıq göstərən mayor sığınacaqdan  erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini görür. Anlayır ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu canlı itki verəcəklər. Bu vaxt düşmən durmadan mövqelərimizə atəş açır. Elbrus zabit yoldaşını əsgərlərin yanına göndərir. Sağ cinahdakılara təhlükə barədə  xəbər verir. Götürdüyü əl qumbarasıyla  onların üzərinə gələn tankın qarşısına yeriyir. Tanka çatana qədər snayperlə ayağından vurulsa da, özündə güc toplayıb igidcəsinə özünü  irəli  atır. Elbrus tankın lüləsindən qumbaranı içəri tullayır.  Heyəti  və tankı  məhv edir. Və beləliklə, yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan  qurtarır. Ordumuzun irəliləməsinə şərait yaradır. Özü isə qəhrəmancasına şəhid olur. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn edilir.           

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident  İlham  Əliyevin  Sərəncamı ilə Elbrus Eyvaz oğlu Bayramov "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub. 2 övladı Vətənə yadigar qalıb.

Vətən Müharibəsi Qəhrəmanının həyat yoldaşı Gültəkin Bayramova: “Elbrus Bayramov Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Vətən sağ olsun, deyirəm. Nə qədər çətin olsa da, bir şəhid və Vətən Müharibəsi Qəhrəmanının yoldaşı olaraq onunla fəxr edirəm”.

Vətən müharibəsi iştirakçısı Türkan Cəfərov isə bildirir ki, döyüşlərdə qəhrəmanlıqla şəhid olan Elbrus Bayramovun hərbi rabitə vasitəsi ona verilib. Məhz onun həyatını Füzulinin  Qaraxanbəyli kəndində mühasirəyə düşəndə bu motorola xilas edib: "Düşmən 70-80 metrlik məsafədə idi. 40 dəqiqə mühasirədə qaldım. Çıxış yolum yox idi ki, yuxarılardan dəstək ala bilim. Sonra Elbrusun motorolası yadıma düşdü. Onunla mən rabitə əlaqəsi yaratdım. Çox keçmədi ki, qüvvələrimiz düşməni atəşə tutdu və mən qurtuldum.     

 Prezident  İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Beyləqan Şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramovun adı  verilmişdir.

                                                                                        Müşfiq MİRZƏ, 

                                                                              “Respublika”.