“Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib
Region

“Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib

Göygöl

Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda yekun konfrans keçirilib.

Rayon Gənclər Evində keçirilən konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru-dossent Cəbi Bəhramov, Tarix üzrə fəlsəfə doktoru dossent Bəxtiyar Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri və YAP fəalları iştirak ediblər.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu diqqətə çatdırıb. Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, ulu öndər Heydər Əliyev həyatının hər gününü müstəqil Azərbaycanın inkişafına həsr edib.

Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev uul öndərin Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Lider olduğunu vurğulayıb.

Konfransda AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dossent Cəbi Bəhramov, Tarix üzrə fəlsəfə doktoru, dossent Bəxtiyar Həsənov mövzu ilə bağlı çıxışlarında böyük strateq Heydər Əliyevin vətəninə və xalqına olan misilsiz xidmətlərindən söz açaraq, bugünkü müasir Azərbaycanın iqtisadi, sosial və mədəni potensialının formalaşdığını diqqətə çatdırıblar.

Konfransın sonunda, ulu öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlərin qalibləri mükafatlandırılıb, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə “Fəxri Fərman”lar təqdim olunub, yeni YAP üzvlüyünə qəbul olmuş şəxslərə vəsiqələr verilib. Tədbirin bədii hissəsi Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən “Yay kinoteatrı”nda geniş konsert proqramı ilə davam etmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.