QIŞIN SƏRT SINAQLARINA HAZIRLIQ
Region

QIŞIN SƏRT SINAQLARINA HAZIRLIQ

Göygöl

Qabaqcıl aqrar rayonlardan olan Göygöldə də Dövlət proqramlarının uğurla yerinə yetirilməsi, aparılan abadlıq-quruculuq işləri, infrastrukturların yeniləşməsi, vətəndaşlara keyfiyyətli xidmətin yaxşılaşması, rifah halının daha da yüksəlməsi diqqəti çəkir. Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin xidmət sahələrinin rəhbərləri ilə birgə tərtib olunmuş qrafik əsasında kəndlərdə keçirdiyi səyyar görüşlərdə çoxlu sayda vətəndaş dinlənilir, onların sosial problemləri və həyat tərzi ilə yaxından tanış olunur, problemlər yerindəcə müvafiq qurumların köməyi ilə həll edilir.

2023-cü ildə rayonda qışa hazırlığın vəziyyəti ənənəvi olaraq araşdırılaraq bir sıra tədbirlərin həyata keçirildiyi, bəzi çatışmazlıqların aradan qaldırıldığı və qarşıda görüləcək işlərin planlaşdırıldığı müəyyən olunmuşdur. Bu mövcud şəraitin saxlanılmasında Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməyi, sözün əsl mənasında, əvəzedilməzdir. Belə ki, ümumən Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması işlərini görür. Onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində rayon icra hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələrin istismarı və təmiri ilə bağlı digər funksiyaları həyata keçirir. Şəhərin mərkəzi küçələrində qurumuş ağacların budanması işləri başa çatmışdır. Digər küçələrdə olan ağacların budanması işlərinin isə dekabr ayında başa çatması nəzərdə tutulur. İdarənin balansında olan yaşayış binalarından təmir işləri üçün ayrılmış vəsait hesabına 18 yaşayış binasının əsaslı təmiri nəzərdə tutulmuşdur.

Göygöl Suvarma Sistemləri İdarəsi növbəti payız-qış mövsümü ilə əlaqədar su təsərrüfatı və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirmişdir. Kanalların və qapalı şəbəkənin üzərində olan 50 ədəd hidrotexniki qurğu, 30 ədəd hidrofost tam təmir edilmişdir. İdarənin istifadəsində olan 121 ədəd subartezian quyusunda təmir işləri görülmüşdür.

Göygöl Rayon Sukanal İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar su anbarları yuyularaq təmizlənmiş, sunizamlayıcı siyirtmələr nizamlanmışdır. Göygöl Elektrik Şəbəkəsi üzrə qışa hazırlıqla bağlı bir sıra işlər görülmüşdür. 15 ədəd transformator əsaslı təmir edilmiş, 20 ədəd transformator cari təmir edilərək 1800 litr yağ əlavə edilmiş, 100 ədəd 10 kV-luq, 130 ədəd 0.4 kV-luq dayaq yenisi ilə əvəz edilmişdir.

Göygöl rayon Telekommunikasiya Qovşağı üzrə elektrik qida qurğularında və dizel generatorlarında profilaktik təmir işləri yerinə yetirilmiş, kabel quyularına qarın və suyun daxil olmasının qarşısını almaq məqsədilə kanallara germetik bağlanmış, xüsusi qəza briqadası alət və ləvazimatlarla təmin olunmuşdur.

Rayonun bir sıra ümumtəhsil müəssisələri (1,2,3,4,5,6 saylı), Üçtəpə, Yeni Qızılca, Topalhəsənli, Aşıqlı, Xəqani, Balçılı kənd 1 saylı, Hacıməlik ŞTQ 1 saylı, Mollacəlilli, Şəhriyar, Pənahlılar, Dozular, Üçtəpə, Nadil, Zurnabad, Qızılca, Firuzabad, Quşqara kənd tam orta və 8 Mart, Bəhrəmbağ, Əlimədədli, Xasabağ kənd ümumi orta məktəbləri elektrik, qaz və neft yanacaqları ilə qızdırılır, digər ümumtəhsil məktəbləri isə odunla qızdırılır. Qış mövsümünə lazım olan odun yanacağını almaq üçün hər bir müəssisənin tələbatına uyğun olaraq vəsait ayrılmış və yanacaqla təmin olunmuşdur. Rayonun uşaq bağçalarında payız-qış mövsümünə hazırlıq işləri aparılmış, şəhər 4 saylı uşaq bağçasında istilik sistemində olan nasazlıq aradan qaldırılmış, digər odunla qızdırılan uşaq bağçalarının hər biri isə odunla təmin edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasında qışa hazırlıq üçün bir sıra tədbirlər görülmüşdür. Belə ki, xəstəxana binasında qazanxana yoxlanılaraq sınaqdan keçirilmiş, camaşırxananın kanalizasiya xətti təzələnmiş, ocaqxanada sınaq işləri aparılaraq tam işlək vəziyyətə gətirilmişdir. Dizellə işləyən generatora baxış keçirilmiş, cari təmir işləri aparılaraq generator işlək vəziyyətə gətirilmişdir. Şöbələrdə daxili radiatorlar yenisi ilə əvəz olunmuşdur. Xəstəxana tabeliyində olan bütün obyektlərdə elektrik xətlərinə baxış keçirilmiş, nasaz naqillər dəyişdirilmişdir.

Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin nəzdində 41 kitabxana, 19 klub tipli müəssisə, 2 muzey və 2 musiqi məktəbi fəaliyyət göstərir. Mərkəzi kitabxana sisteminin inzibati binası, Uşaq şöbəsi və Xidmət şöbəsi təbii qazla qızdırılır və qışa hazır vəziyyətdədir. Rayon Mədəniyyət evinin binasında və Tarix Diyarşünaslıq muzeyində kombi istilik sistemi nizama salınmış, Heydər Əliyev Mərkəzi, Aşıq Şəmşir adına uşaq musiqi məktəbi və rayon mədəniyyət evi kombi sistemi ilə qızdırılır. Kənd Mədəniyyət evlərinə və klublara dizel yanacağı verilməsi nəzərdə tutulmuşdur.

Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzində payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tədbirlər planı hazırlanaraq görüləcək işlər müəyyən olunmuş və bir sıra tədbirlər həyata keçirilmişdir. Gigiyena və Epidemiologiya Mərkəzində ayrı-ayrı şöbələr üzrə yanğın təhlükəsizliyi üçün məsul şəxslər müəyyənləşdirilmişdir. Binanın tüstü bacaları təmizlənmiş, elektrik xətlərində olan nasaz naqillər dəyişdirilmiş, bütün kommunikasiya xətlərinin sazlığı yoxlanılaraq işlək vəziyyətə gətirilməsi təmin olunmuşdur.

Göygöl Qaz İstismarı Sahəsi tərəfindən 2023-cü ilin müvafiq aylarında rayonun qaz təsərrüfatının normal fəaliyyət göstərməsi üçün müxtəlif istiqamətlərdə yeni qaz kəmər xətləri və avadanlıqları quraşdırılmışdır. 154 tənzimləyici qurğu və 112 ədəd siyirtmə təmir olunmuş, qaz kəmər xətlərində təmir-bərpa işləri yerinə yetirilmişdir.

Eyni zamanda rayon icra hakimiyyəti başçısı yanında şuranın iş planına uyğun olaraq, şəhər təsərrüfatı müəssisə və təşkilatlarının xidmət sahələrində payız-qış mövsümünə hazırlıqla bağlı icrası nəzərdə tutulan tədbirlər nəzarətə götürülür və təhlil edilir. Belə ki, hər həftənin birinci günləri rayon rəhbərinin yanında operativ qərargahın müşavirəsində idarə və təşkilatların rəhbərləri sahələrinin durumu, təmizliyi, gündəlik həyata keçirdikləri işlər haqqında məlumat verir, yeni tapşırıq və tövsiyələr alır, növbəti müşavirədə icrası dinlənilir. Hər günün sonunda rayon icra hakimiyyəti başçısının müavininin yanında xidmət rəhbərlərinin operativ müşavirəsi keçirilir, bütün xidmətlərdə olan vəziyyət bir daha müzakirə olunaraq qarşıya çıxan problemlər tez bir zamanda öz həllini tapır.

Zabit XƏLİLOV,

"Respublika".