Siyasət

"Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə"

YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Dekabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə" mövzusunda tədbir keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş 2023-cü il Azərbaycan xalqının və dövlətinin tarixinə müstəsna əhəmiyyət daşıyan bir dövr kimi həkk olunmuşdur: "Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. 2020-ci ildə əldə edilmiş möhtəşəm Qələbə ilə qaytardığımız bütün torpaqlarımızda suverenliyimiz də tam bərpa olunmuş, Azərbaycan bayrağı digər ərazilərdə olduğu kimi Xankəndidə də ucaldılmışdır. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm uğurlar qazanaraq dövlətimizin və xalqımızın qarşısında duran ən ümdə vəzifəni də yerinə yetirmiş - ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilmişdir".

Onun sözlərinə görə, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında - tarixi ədalətin bərpasında həlledici rol oynamışdır: "Artıq Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir. Bu gün gözəl əhvali-ruhiyyədə biz Azərbaycanın gələcək inkişafı, Azərbaycan xalqının rifahı naminə növbəti qələbələrin astanasındayıq. Ulu Öndərin dahiyanə söylədiyi bir fikir var: "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün də məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində cənab Prezident müasir, müstəqil, suveren, bütöv Azərbaycanı, yeni Azərbaycanı qurmuşdur. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır".

Tahir Budaqov vurğulayıb ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri bilavasitə Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır: "Ona görə də "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim xalqıma, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub", - deyən Ümummilli Lider haqlı olaraq Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu adlandırılır, onun siyasi irsi və ideyaları milli-mənəvi sərvətimiz kimi olduqca yüksək dəyərləndirilir".

YAP Sədrinin müavini bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində istər Azərbaycanda, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən çoxsaylı tədbirlər də Ümummilli Liderin zəngin dövlətçilik irsinin, əbədişayar ideyalarının öyrənilməsi və təşviqi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, regionun lider dövlətinə çevrilmiş və Zəfər zirvəsinə yüksəlmiş Azərbaycanın inkişaf yolunun tədqiqi kontekstində böyük önəm kəsb edir: "Ulu Öndərin siyasi mirası olan, onun ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası tərəfindən də "Heydər Əliyev İli" çərçivəsində çoxsaylı elmi-praktik konfranslar, aksiyalar, görüşlər, müsabiqələr və digər bir sıra tədbirlər keçirilmişdir. Xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış Ulu Öndərin vaxtilə müdrikcəsinə ifadə etdiyi "Nə qədər ki Azərbaycan var, mən də varam" kəlamı bütün tədbirlərimizin devizi olmuşdur".

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, bu gün Azərbaycanın gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutan, eyni zamanda, mütərəqqi çağdaş reallıqlara hər zaman açıq olan Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir: "Tarix təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinə, Heydər Əliyev yoluna alternativ yoxdur. Bu yol yalnız müstəqillik illərimizin deyil, hələ Sovetlər dönəmində, 1969-cu ildən başlayaraq qət edilən şərəfli yoldur. Şübhə yoxdur ki, "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən və vədini yerinə yetirərək xalqın inam və etimadını doğruldan, Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Lider - Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcəkdir. Bundan sonra da qazanılacaq bütün nailiyyət və qələbələr Heydər Əliyev siyasətinin dönməzliyinin, əbədiliyinin təsdiqi, cənab İlham Əliyevin Zəfər yürüşünün davamı, partiyamızın gücünün növbəti ifadəsi olacaqdır".

"Fürsətdən istifadə edərək tədbirin təşkilində göstərdiyi sponsorluq dəstəyinə görə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri cənab Fərhad Qaraşova təşəkkürümü bildirir, hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram", - deyə Tahir Budaqov vurğulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: "Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi. Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin bütün addımları Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı".

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azərbaycan Bayrağı" ordenli şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev və başqaları da çıxış etmişlər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Xaqani KOSAYEV,

“Respublika”.