Haqlı və qətiyyətli mövqeyimiz
Digər xəbərlər

Haqlı və qətiyyətli mövqeyimiz

"Laçın" sərhəd-keçid məntəqəsi təxribata görə bağlanıb

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədində buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib. "Laçın" sərhəd-nəzarət-buraxılış məntəqəsində keçid tam olaraq dayandırılıb. Törədilən insident tam araşdırılana qədər keçid məntəqəsində hərəkətin bərpa olunmayacağı bildirilib.

İyunun 16-da Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədində buraxılış məntəqəsinin təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığı, Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasının qarşısını aldığı", "etnik təmizləmə siyasəti həyata keçirdiyi", guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları rəsmi Bakı qətiyyətlə rədd edib. Azərbaycanın öz suveren ərazisində sərhəd-nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakinin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur. Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir. Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkmək, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmaq, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinmək tələb olunur.

Qeyd etmək lazımdır ki, separatçıların Laçın-Xankəndi yolundan sui-istifadə etməsi Azərbaycana başqa seçim şansı qoymamışdı. Separatçılar uzun müddət Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir, bu yol vasitəsilə Xankəndiyə canlı qüvvə, silah-sursat, mina və s. daşıyırdılar. Azərbaycan baş verənlərlə bağlı dəfələrlə həm Ermənistana, həm də beynəlxalq təşkilatlara öz narahatlığını ifadə etmiş, bu cür halların yolverilməz olduğunu vurğulamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, separatçıların sürətlə silahlanmaq cəhdləri regionda vəziyyətin mürəkkəbləşməsi, hərbi toqquşma riskinin ciddi şəkildə artması deməkdir. Ən əsası, bunların 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına zidd olduğu bütün tərəflərin diqqətinə çatdırılmış, ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Rusiya sülhməramlıları və digər güclər tərəfindən problemin həlli istiqamətində heç bir addım atılmamışdır. Məhz bu səbəbdən də Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla yola tam nəzarəti təmin etmək məcburiyyəti qarşısında qalmışdı.

23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində "Laçın" sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bu, siyasi iradə sayəsində cəsarətli və dərin düşünülmüş diplomatik addım idi. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində, onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar. Bütün bu kimi haqsız ittihamlara rəğmən Azərbaycan tərəfi hər zaman dürüstlük, mübarizə və qətiyyət nümayiş etdirməklə səsləndirilən cəfəng iddiaları haqlı olaraq rədd edir.

Ölkəmiz öz suveren ərazisində sərhəd-nəzarət-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin edir, öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirirdi.

Azərbaycan bu zamana qədər istər Qərb, istər Rusiya, istərsə də İran mərkəzli təxribatların öhdəsindən gələrək ən çətin mərhələləri adlayıb, Qarabağ üzrə təxribat kanallarını böyük miqyasda bağlaya bilib. Nəticə olaraq, Qarabağdakı ermənilər ya Azərbaycan Konstitusiyasını qəbul etməli, ya da ölkəmizin ərazisini tərk etməlidirlər. Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına da kömək edəcək. Yox, əgər iki variantdan da imtina edilsə, Azərbaycan milli təhlükəsizlik prizmasından çıxış edərək ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslərin cəzalandırılması hüququnu özündə saxlayır.

Mustafa KAMAL,

"Respublika".