Gənclərə diqqət və qayğı dövlətin mühüm fəaliyyət istiqamətlərindəndir
Sosial həyat

Gənclərə diqqət və qayğı dövlətin mühüm fəaliyyət istiqamətlərindəndir

Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sağlam düşüncəli yeni nəslin yetişdirilməsini daim diqqət mərkəzində saxlayan ümummilli lider gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan edib. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir", - deyən Ulu Öndər  gənclərin vətənpərvər ruhda tərbiyə olunmasını mühüm vəzifə hesab edirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, 1997-ci ildə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalanıb və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılıb.

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə  "Gənclər siyasəti haqqında", "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" və s. qanunlar və mühüm Dövlət proqramları qəbul olunub, bir sıra fərman və sərəncamlar imzalanıb. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması,  onların sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti nəticəsində gənclərimiz cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Gənc nəslin cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Müasir Azərbaycanın gənc nəsli vətənpərvər ruhlu, vətəninə və dövlətinə bağlı, milli-mənəvi dəyərləri daima uca tutan nəsildir. Bunun əyani təzahürüdür ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində gənclərimiz Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edərək 30 illik həsrətə son qoydular. 44 gün davam edən Vətən müharibəsində gənclərin şücaəti, qəhrəmanlığı xalqımıza qələbə sevincini yaşatdı.

"Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd edir: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin göstəricisidir.

  M.MİRZƏ,

 "Respublika".