SAKİNLƏRİN ASUDƏ VAXTININ  TƏŞKİLİ PRİORİTET MƏSƏLƏDİR
Sosial həyat

SAKİNLƏRİN ASUDƏ VAXTININ  TƏŞKİLİ PRİORİTET MƏSƏLƏDİR

Dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda Azərbaycanda inkişaf və sabitlik hökm sürür. Sənaye potensialı artmış, qeyri-neft  sektorunda dinamik inkişaf təmin olunmuşdur. Ölkəmizdə əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir. Azərbaycanın hər bir guşəsində aparılan abadlıq işləri, tərəqqi və yüksəliş qədim Oğuz yurdu Mingəçevirdə də daha qabarıq görünür. Xidmət və infrastruktur sahələrinin yeniləşməsi, müasirləşməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində layihələr  uğurla icra olunmaqdadır. Şəhərdə həyata keçirilmiş tədbirlər konkret və ünvanlı olması  ilə diqqəti çəkir. Demək olar ki, sosial layihələr getdikcə daha geniş vüsət alır. Yeni yüksək dizaynla inşa edilən binalar, yenilənmiş gözoxşayan park və istirahət mərkəzləri, sosial obyektlər bir-birini tamamlayır və şəhərə xüsusi gözəllik verir. Salınmış yaşıllıqlar, zövqlə əkilmiş gül-çiçək, müasir  işıqlandırma sistemi şəhərə gələn qonaqların könlünü oxşayır. Ümumiyyətlə, şəhərdə regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət proqramları uğurla icra edilir, qazanılan nailiyyətlər əhalinin sosial vəziyyətinin yüksəlməsinə, firavanlığına yönəlir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq məhəllələrdə sakinlərin istirahəti üçün əlavə genişmiqyaslı işlər görülür. Bu günlərdə Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  quruculuq işləri başa çatmış nümunəvi məhəllələrdə, eyni zamanda əsaslı tikinti işləri davam edən binaların sakinləri ilə görüşüb. Səmimi görüşdə sakinlər bildiriblər ki, salınan nümunəvi məhəllələr insanların asudə vaxtının xoş və səmərəli keçirməsində böyük rol oynayır. Ərəş – Nərimanov və Puşkin – Nərimanov küçələrində görülən işlər  də ürəkaçandır. Belə ki, hər iki məhəllədəki yaşayış binalarının dam örtükləri əsaslı təmir edilib. Ümumi istifadə sahəsi olan blokların divarları suvanıb, rənglənib, pəncərə çərçivələri və şüşəbəndlər salınıb, giriş hissələrdə qapılar qoyulub, işıqlanma xətləri çəkilib, dirəklər quraşdırılıb. Binaların qarşısı asfaltlanıb, bardürlər qoyulub. Müasir, olduqca rahat  oturacaqlar qurulub. Yaradılmış uşaq əyləncə sahəsində sürüşkənlər və digər qurğular  balaca fidanların ixtiyarına verilib. Onu qeyd etmək lazımdır ki, hazırda bu məkanlarda nəzərdə tutulmuş işlər davam edir.

Praqmatik dövlət başçısı, ölkə Prezidentinin tapşırığına və fərmanlarına uyğun olaraq regionlarda həyata keçirilən quruculuq işlərindən ətraflı danışan şəhər rəhbəri, bu cür nümunəvi məhəllələrin digər ərazilərdə də yaradılacağını, şəhərin bütün məhəllərində vətəndaşların rahatlığının təmin edilməsi üçün zəruri olan bütün işlərin görüləcəyini bildirib.

Havaların son dərəcədə isti keçməsindən, yaşıllıqların suvarılması üçün əlavə tədbirlərin  görülməsindən söhbət açan şəhər rəhbəri  şəhərin bir çox prospekt, küçə və parklarına yeni su xətlərinin çəkilməsinin sürətlə icra olunduğunu vurğuladı.

Sakinlər şəhərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Bəli, dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan dövlət başçısı vətəndaşların yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri hesab edir.

            Zabit XƏLİLOV,

            “Respublika”.