Dinamik inkişafa səs verəcəyik
Sosial həyat

Dinamik inkişafa səs verəcəyik

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq istiqamətində qanunvericiliyə uyğun olaraq bütün tədbirlər görülür. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərləri, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçicilərin fəallığı isə durmadan artır. Bu günlərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir neçə əməkdaşı ilə həmsöhbət olduq.

Nigar Məmmədova (İstehsalat təlim ustası, laborant mikrobioloq):

Belə bir atalar sözü var: "Elin gözü tərəzidir". Müdrik xalqımız yaxşısını pisdən ayırmağı yaxşı bacarır. 30 illik həsrətdən sonra doğma torpaqlarımızın yağı düşməndən azad edilməsi milli kimliyimizin bizə qaytarılması deməkdir.

Bununla da ölkəmizin tarixində yeni bir səhifə açıldı, gəncliyimiz artıq başıuca gəzə biləcəkdir. Biz gənclər siyasətinin bəhrəsini hər addımbaşı görürük.

7 fevral 2024-cü il ölkəmizin tarixində önəmli yeri olacaq bir tarix olmalıdır. Həmin gün müstəqilliyimizə, ərazi bütövlüyümüzə, milli qürurumuza səs verəcəyik. Biz gənclər fəxr edirik ki, qüdrətli ordumuzun qəhrəmanlığı nəticəsində respublikamızın ərazi bütövlüyü tam təmin olunub. Azad, müstəqil, qalib bir dövlətin vətəndaşı olaraq sabaha inamla baxaraq seçkilərdə fəallığımızı bir daha nümayiş etdirmək hər birimizin mənəvi borcudur.

Əhməd Əhmədli (Təhsilalanlarla iş şöbəsinin müdir müavini):

Bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur. Qarabağın işğaldan azad edilməsinin və respublikamızın ərazi bütövlüyünün bərpa olunmasının, türk dünyasının qırılmış bağının yenidən birləşdirilməsinin 4-cü ildönümünü bu il xalqımızla birlikdə qeyd edəcəyik.

Dünya birliyində ölkəmizin qazandığı uğurlarla rolunu və mövqeyini möhkəmləndirməsi biz gəncləri də ürəkdən sevindirir. Çünki ordumuzun döyüş rəşadəti sayəsində qalib olan xalqımız regionda seperatizmə birdəfəlik son qoyub. Bu tarixi hadisə bizləri sevindirməklə yanaşı, məsuliyyət hissimizi də artırır. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində yekdilliklə iştirak etməklə daha yaxşı gələcəyimiz naminə dəstəklədiyimiz namizədə səs verəcəyik.

Qismət Məsimov (İstehsalat təlim ustası):

Dövlət üçün ən önəmli məsələlərdən biri gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasıdır. Gənclik ümiddir, sabahın işığıdır. Bu gün ölkəmizdə əhalinin 30 faizinə yaxınını gənc nəsil təşkil edir. Ölkəmizdə gəncliyə diqqət göz önündədir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlarda gənclərin roluna həmişə xüsusi fikir verilir və onlara ən yüksək vəzifələrdə böyük ehtimad göstərilir. Sevindirici haldır ki, hər bir gənc bunu görür və özünü real işi, qabiliyyəti, bacarığı, savadı və işgüzarlığı ilə doğrultmağa çalışır. Növbədənkənar prezident seçkiləri də gənc nəslin fəallığını artırır. Çünki onlar yaxşı bilir ki, demokratik dövlətin inkişafı xalqın birliyindən və seçkidə yekdilliyindən asılıdır.

Xədicə Osmanova (İqtisadiyyat və maliyyə şöbəsi, mütəxəssis):

Bu gün ölkəmizdə görülən işlər və qazanılan uğurlar bizləri ürəkdən sevindirir. İşğal altında olan torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə daxili imkanlar hesabına böyük quruculuq işlərinin görülməsi inkişaf tariximizin əyani mənzərəsini əks etdirir.

Qarabağ müharibəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik. Bu gün qalib dövlətin vətəndaşı kimi qarşınızda dayanmışam. 30 illik həsrətin bitdiyi, hər şeyin yenidən başladığı, güclü Azərbaycan yaratmaq amalı ilə Zəfər seçkisi ərəfəsindəyik. Bu səbəbdən də növbədənkənar seçkilər hər birimiz üçün bir imtahan olmalıdır. Biz növbəti dövr üçün dövlət başçımızı yekdilliklə seçməklə dostlarımızı sevindirməli və düşmənlərə tutarlı cavab verməliyik. Hər bir seçicini seçki günü daha fəal olmağa və dinamik inkişafımız naminə səs verməyə dəvət edirik.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".