“Evimizdən bayraq asın”
Sosial həyat

“Evimizdən bayraq asın”

Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biridir Elnur Talıbov. Ömrünün 24 yaşında sevdiyi vətənin azadlığı uğrunda canından keçib. Elnur Gəgiş oğlu Talıbov 1996-cı ilin 26 dekabrında Lerik şəhərində anadan olub. 1998-ci ildə valideynləri ilə birgə Lənkəran şəhərinə köçüblər. 2003-cü ildə Lənkəran şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub.

2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elnur Abşeron rayonunun Pirəküşgül qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi xüsusi qəhrəmanlığa görə təşəkkürnamə və fəxri fərmanla təltif olunub. Həmin ilin iyul ayında xidmətini başa vurub.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində iştirak etmək üçün Elnur könüllü olaraq SHXÇDX rayon şöbəsindən qeydiyyatdan keçir. Lakin Elnur döyüşə göndərilmir. Nəhayət, onun səbirsizliklə gözlədiyi məqam gəlib çatır. 2020-ci il sentyabr ayının 21-də Elnur çağırılır və döyüş bölgəsinə yola salınır. Vətən müharibəsinin ilk günündən etibarən döyüşdə yüksək qəhrəmanlıq və şücaət göstərən Elnur bir sözlə, düşmənə qan uddurur. Sentyabr ayının 29-da onun olduğu tabor çoxlu şəhid verdikləri üçün tabor komandiri tərəfindən "geri çəkilirik" əmri verilir. Lakin Elnur "Komandir, biz əgər geri çəkiləcəkdiksə, bəs niyə gəlmişik? Mən geri çəkilmək istəmirəm, döyüşmək istəyirəm", - cavabını verir və həmlə taboruna qoşularaq döyüşə davam edir. Qəhrəman Elnur 2020-ci ilin oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olur. Elnur noyabr ayının 1-də Lənkəran şəhərində böyük izdihamla dəfn edilir.

Şəhidin qardaşı onu belə xatırlayır: "Qardaşım sonuncu dəfə sentyabr ayının 29-da danışdı. Danışığı mənimlə oldu. Mənə "Qardaşım, evimizdən bayraq asın, atam-anam sənə əmanət. İnşallah, oğlun olsa, ona mənim adımı qoyarsan" vəsiyyətini etdi. Onun döyüş yoldaşlarının dediklərinə görə, Elnur döyüşdə mərdliklə, igidliklə iştirak edib. Qarşısıalınmaz bir qəhrəman olub".

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Elnur Gəgiş oğlu Talıbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

M.MİRZƏ,

"Respublika".