Əsrin faciəsi, qan yaddaşımız
Digər xəbərlər

Əsrin faciəsi, qan yaddaşımız

Seymur Rəsulov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qobustan nümayəndəliyinin əməkdaşı

Bəşəriyyətə qarşı yönəldilmiş ən qəddar soyqırımı aktlarından olan Xocalı faciəsi xalqımız və humanist siyasətə önəm verən ölkələr tərəfindən hiddətlə qarşılanır. Bu vəhşi terrora gənclərin münasibətini öyrənmək üçün Qobustan rayonunda bir qrup gənclə həmsöhbət olduq.

–Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Bütün beynəlxalq hüquq normalarına zi

dd olaraq Ermənistan dövləti Azərbaycanın əzəli torpağı olan Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi idi.

Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

Nəzrin Səmədova,

Qobustan Gənclər evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı

–Tarixdən məlumdur ki, Azərbaycan xalqı 2 əsr ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və həm də bütün bunlar erməni cəlladları tərəfindən kütləvi qırğınlarla həyata keçirilmişdir.

1988-ci ildən başlayaraq, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, tarixi Azərbaycan torpaqlarının hesabına yaradılmış Ermənistan dövləti Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını açıq-aşkar nümayiş etdirirdilər.

Bəşəriyyətə qarşı yönəldilmiş ən qəddar soyqırımı aktlarından olan Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq, beynəlxalq aləmdə hələ də hüquqi-siyasi qiymət yetərli səviyyədə verilməmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası baş vermiş faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

Biz gənclər bu kampaniyaya qoşularaq beynəlxalq ictimaiyyət tərəfindən bu faciəyə siyasi-hüquqi qiymət verilməsinə nail olacağıq.

 

Samir Həsənov,

gənc fəal

–Son 200 ildə erməni millətçiləri havadarlarına güvənərək xalqımıza etnik təmizləmə, soyqırımı kimi faciələr yaşatmışlar. Xocalı soyqırımı ermənilərin əvvəlki illərdə xalqımıza qarşı törətdikləri amansızlıqların cəzasız qalması və erməni faşizminin anti-Azərbaycan siyasətinin nəticəsi idi. Həm də havadarları tərəfindən müdafiə olunduqları üçün quduzlaşmış ermənilər Xocalı faciəsini törətməkdən belə çəkinmədilər. Yüzlərlə günahsız insan qətlə yetirildi, mindən artıq soydaşımız əsir götürülərək, ağlasığmaz işgəncələrə, təhqirlərə məruz qaldılar.

Bu faciənin beynəlxalq miqyasda hüquqi-siyasi qiymət almaması, soyqırımı aktı kimi tanınmaması biz gənclərdə haqlı olaraq hiddət doğurur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu faciənin bütün dünyada soyqırımı aktı kimi tanınmasına xidmət edir.

Biz gənclər hesab edirik ki, insanlığa qarşı yönəldilmiş bu cinayət cəzasız qalmamalıdır.

M.NƏRİMANOĞLU,

"Respublika".