Türk xalqının acısı bizim acımızdır
Digər xəbərlər

Türk xalqının acısı bizim acımızdır

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ xalqımızı da sarsıtdı. Bu dəhşətli, dağıdıcı fəlakət nəticəsində minlərlə insanın həyatına son qoyulmasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi.

Zəlzələ baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və həmin gün Türkiyənin dövlət başçısına zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntıların onu və Azərbaycan xalqını çox kədərləndirdiyini və bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçımız həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verərək yaralananlara şəfa dilədi.

Fevralın 8-də isə dövlət başçısı İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Ölkə başçımızın zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini söyləməsi Azərbaycan və Türkiyənin bir-birinə bağlı olmasının təzahürüdür.

Elə ilk gündən Prezidentin tapşırığına əsasən, faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə humanitar yardıma başlanılıb. Zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi. Azərbaycanlı həkimlər də zəlzələdə yaralanan və xəsarət alan insanlara kömək məqsədilə zəlzələ baş vermiş bölgələrdə fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin zəlzələdə xəsarət almış insanların Azərbaycanda müalicə almaları üçün bütün tədbirlərin görüldüyünü qeyd edib. FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı  da artıq Türkiyəyə çatıb. Hərbi tibb personalımız çox sayda cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmişlərə ambulator yardım göstərilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar sosial mediada paylaşım edərək bu hadisədən dərin kədərləndiyini bildirib, zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyərək türk xalqına güc və səbir arzulayıb. Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərilir.

Zəlzələ baş verdiyi ilk gündən bütün xalqımız ayağa qalxdı, qardaş türk xalqına dəstək məqsədilə yardım kampaniyalarına başladı. Hazırda bu kampaniya davam edir.

Biz də Azərbaycan idmançıları, GESS Logistika Karqo MMC-nin kollektivi adından qardaş türk xalqına başsağlığı verir, həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Tanrı türk xalqına yardımçı olsun!

Sabir MİRZƏYEV,

GESS Logistika Karqo MMC-nin təsisçisi,

Azərbaycan Boks Federasiyasının fəxri vitse-prezidenti.