Günəş Qərbdən doğsaydı, dünyanın...
Siyasət

Günəş Qərbdən doğsaydı, dünyanın...

Bir çox ölkənin tarixinə silinməyəcək dərin yaralar "bəxş etmiş" ABŞ qeyri-konstruktiv siyasəti ilə bu dövlətlərin xalqlarına fəlakət yaşadıb. İraq, Liviya, Suriya, Əfqanıstan, Ukrayna kimi ölkələr qarşısında sülh göyərçini qılığına girərək, onları faciəyə doğru aparıb.

Suda çox gözəl üzə bilən, acgöz, yırtıcı kalmar balığı, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə, rəngini yaşadığı dənizin dibinin rəngindən asılı olaraq dəyişə bilir. ABŞ bu acgöz, yırtıcı canlı kimi öz qitəsindən uzaqlaşıb kilometrlərlə məsafə qət edir, zəif gördüyü ölkələri hədəf seçir, onların daxili işlərinə qarışır, öz rəngini dəyişərək sülh maskası altında əsl üzünü gizlədir.

Noyabrın 16-sı ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qeyd edək ki, qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir, "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.

Görünür, Qərb özünə "sülh gətirmək" üçün yeni hədəf seçib. Deyəsən, Cənubi Qafqazdaki yeni geosiyasi vəziyyət, Azərbaycanın güclənməsi okeanın o tayını qıcıqlandırır. 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş ABŞ bu istiqamətdə heç bir faydalı addım atmayıb, indi də bunun əksi üçün çalışır.

Qərbin öz "demokratiya" siyasətini güc yolu ilə yayması yeni hadisə deyil. ABŞ-ın Cənubi Qafqaz, Ukrayna, Qəzza və sair kimi ölkələrdə apardığı siyasət onu göstərir ki, Qərbin böyük dövləti sadəcə öz maraqlarını düşünür. Həmin bu maraqlar naminə separatçılara dəstək verir. Qəzzadakı situasiyada da bu fakt bir daha üzə çıxıb. İsraildən məhz öz ölkəsinin maraqları üçün istifadə edən ABŞ tarixən də bu xislətdə olub. Onlar Əfqanıstanı 20 il ərzində döyüş meydanına çevirib, burada öz qanunsuz fəaliyyətlərini həyata keçirib. ABŞ həyata keçirməyə çalışdığı "sülh" nədənsə daim qanlı, faciəli sonla bitib. Bunu Ukrayna nümunəsində də görmək olur. Ukraynanı müharibəyə çəkən Qərb öz istəyinə çatıb, sonra da oturub izləyib. Müharibədən əvvəl hərbi, siyasi və maliyyə dəstəyinə söz vermiş Ağ Ev bu sözləri savaş gedişatında unudaraq, aradan çıxıb. Xaos yaradıb köşəsinə çəkilən ABŞ-ın bu siyasəti yüz minlərlə insan itkisinə, iqtisadiyyatın çökməsinə, şəhər və kəndlərin dağılmasına səbəb olub.

ABŞ 2024-cü ilin prezident seçkilərində Gürcüstana daimi müşahidə missiyasını göndərmək istəyir. Ağ Ev Cənubi Qafqazda söz sahibi olmaq üçün hər vəchlə çalışır. Bütün bu atılan addımlardan onların məkrli planları "su üzünə" çıxır.

Bunu anlamaq lazımdır ki, Azərbaycana hərbi yardımların dayandırılması, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində imzalanan anlaşmalar bölgədə sülh və sabitliyin təmin edilməsi əvəzinə, Ermənistandakı revanşist qüvvələrə motivasiya verir, onları müharibəyə təhrik edir. Qərbin regiondakı maraqlarını reallaşdırmaq üçün istifadə edəcəyi yeni hədəfi Ermənistan olub. Rəsmi İrəvan hökuməti Rusiya əleyhinə ittifaqa qoşulmaq üzrədir. Belə ki, baş nazir Nikol Paşinyan Minskdə keçirilməsi planlaşdırılan KTMT iclasında iştirak etməkdən imtina edib. ABŞ və Fransa Ermənistanın himayədarı rolunda çıxış edərək sülh prosesini pozmağa çalışır. Nikol isə şirin sözlərə aldanıb arada qalmış kimi görünür. Lakin hər dəfə təntiyəndə Qərbə tərəf üz tutan rəsmi İrəvan anlamalıdır ki, günəş qərbdən deyil, Şərqdən doğur, əgər Qərbdən doğulsaydı, dünyanın sonu olardı. Günəşli günlərin gəlməsi üçün Ermənistan şərq qonşusu Azərbaycanla münasibətləri yoluna qoymaq üçün çalışmalı, Qərbin şər qüvvələrindən uzaqlaşmalı, müstəqil siyasət yürütməli və sülh üçün çalışmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".