Ermənistan azərbaycanlılara qarşı nifrət siyasətinə görə cavab verməlidir
Gündəm

Ermənistan azərbaycanlılara qarşı nifrət siyasətinə görə cavab verməlidir

Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərir. Son günlərdə xüsusilə azərbaycanlı dövlət nümayəndələri və diplomatların hədəf alınmasına dair ermənilərin etdiyi paylaşımlar kütləvi hal alıb. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili də bəyanat yayıb. Bildirilib ki, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir. Eyni zamanda, ermənilərin insan hüquqlarına zidd olan bu çağırışları aidiyyəti beynəlxalq təşkilatların da ciddi tədbirlər görməsini zəruri edir. 

Bəs bu hallar beynəlxalq hüquq sferasında necə tənzimlənir? 

Məsələ ilə bağlı “Respublika”ya danışan beynəlxalq hüquq üzrə ekspert Həcər Qasımova bildirib ki, dövlət rəsmiləri, diplomatik nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyi beynəlxalq hüquqda xüsusi konvensiyalarla qorunur: “1961-ci il Diplomatik əlaqələr haqqında Vyana konvensiyası, Konsulluq münasibətləri haqqında 1963-cü il Konvensiyası dövlət başçısını, həmçinin diplomatik nümayəndələri xüsusi müdafiə olunan şəxs kateqoriyasına aid edir. Bu şəxslərə qarşı cinayət beynəlxalq xarakter daşıyır və bütün dövlətlərin həmin cinayətlər üzərində universal yurisdiksiyası mövcuddur. Demək olar ki, bütün ölkələr bu növ cinayətlərin qarşısını almaq, belə hallara görə xüsusi ağırlaşdırılmış sanksiyalar tətbiq etmək və bu sahədə əməkdaşlıq etmək öhdəliyini öz üzərinə götürüb. Digər tərəfdən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsində də diplomatik agentlərə qarşı həyata keçirilən cinayətlər sülh və insanlıq əleyhinə cinayət kateqoriyasına aid olunur. Qeyd etdiyim kimi, bütün dövlətlər də bu cinayətlər üzərində universal səlahiyyətlərə malikdir". 

Jalə QASIMZADƏ, 
"Respublika".