Ərdoğan Putinlə “Taxıl sazişi”ni müzakirə edəcək
Dünya xəbərləri

Ərdoğan Putinlə “Taxıl sazişi”ni müzakirə edəcək

İyul ayının 7-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər etməsi və geri qayıdarkən "Azov" batalyonunun 5 komandirini özü ilə aparması, Ərdoğanın isə "Ukrayna NATO üzvü olmağa layiqdir" deməsi və iyulun 10-da Vilnüsda İsveçin Alyansa qəbul olunmasına razılıq verməsi Türkiyə ilə Rusiya arasında münasibətlərə sərinlik gətirib. Bəzi ekspertlər Ankaranın bu manevrlərinin Moskva ilə münasibətlərinə xələl gətirdiyini iddia edirlər.

Ankaranın "Azov"un 5 komandirini Ukraynaya təhvil verməsi Kremldə heç də xoş qarşılanmayıb. Hətta Türkiyənin Rusiya ilə əsirlərin mübadiləsi zamanı iki dövlət arasında əldə olunmuş razılaşmanın şərtlərini pozduğu vurğulanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Türkiyə tərəfindən baş verənlərlə bağlı açıqlama alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq" söyləməsi Moskvanın Ankaraya tam inanmadığını ifadə edir.

Əslində, Kremli Ankara ilə əməkdaşlığa sövq edən əsas səbəb ilk növbədə Rusiyanın düşdüyü hazırkı vəziyyətidir. Məlum olduğu kimi, Rusiya hazırda dünyada siyasi, iqtisadi və hərbi sahədə təcrid vəziyyətinə salınıb. Siyasi meydanda sıxışdırılmış Rusiya ilə bir neçə ölkə əməkdaşlıq edir. Onlardan biri də Türkiyədir. Türkiyə indiki vəziyyətdə Rusiyanın əməkdaşlıq etdiyi digər ölkələrlə müqayisədə Kreml üçün daha vacib tərəfdaş hesab olunur. Çünki Türkiyə NATO üzvüdür, Avropa Birliyinə can atır və buna baxmayaraq, Ankara Qərbin diktəsi ilə Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Tam əksinə, Türkiyə lazım gəldikdə öz dövlət maraqlarına uyğun olaraq bəzi hallarda Rusiyanın istəklərini müdafiə edə bilir. Ankaranın bu cür davranışı şübhəsiz ki, Moskvanın siyasəti ilə tam üst-üstə düşür.

Rusiya-Ukrayna müharibəsindən sonra Ankaranın apardığı siyasət və sərgilədiyi mövqe bu ölkənin siyasi çəkisini ciddi mənada yüksəldib. Ərdoğan dünyada yeganə liderdir ki, BMT kimi bir qurumun və bütövlükdə Qərbin nüfuz edə bilmədiyi Putinə sözünü keçirə bilir. Eyni zamanda Moskvanın istəklərini Ukraynaya çatdırır. Qərblə-Şərq arasında körpü rolunda çıxış edən Türkiyənin hazırkı mövqeyi həm Qərb, həm də Rusiya üçün yüksək qiymətləndirilir.

Moskva ilə Ankara arasındakı iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, bu məsələ də Kreml üçün həyati əhəmiyyət daşıyır. Çünki Rusiyaya öz qazını və neftini dünya bazarına çıxararaq satmaq və gəlir əldə etmək daha vacibdir. Kreml dərk edir ki, Qərbin diktəsi ilə oturub-durmayan və enerji mərkəzinə çevrilən Türkiyə ilə əlaqələri kəsmək ciddi nəticələrə səbəb ola bilər.

Bəs görəsən gələn həftə 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan və iki dəfə 60 gün müddətində uzadılan "Taxıl sazişi" ilə bağlı müqavilənin müddətinin yenidən uzadılmasına Rusiya hansı cavabı verəcək?

"Taxıl sazişi" Ərdoğanın səyləri nəticəsində İstanbulda imzalanıb. İndi bu təmasları mütləq davam etdirmək zərurəti yaranıb. Lakin Rusiya taxıl müqaviləsi ilə bağlı mövqeyini sərtləşdirib. Moskva tələbləri yerinə yetirilməsə, taxıl müqaviləsindən çıxacağını bəyan edib. Rusiya iddia edir ki, əvvəla, Ukrayna taxılı vəd edildiyi kimi, aclıq çəkən ölkələrə getmir, Avropa öz anbarlarını doldurur. İkincisi, Rusiya razılaşmanın əksinə olaraq, öz taxılının və kənd təsərrüfatı gübrələrinin ixracına imkan verilmədiyini bildirir. Söhbət həm də Rusiyanın "Rosselxozbank" vasitəsilə maliyyə əməliyyatlarına olan maneələrin hələ də qalmasından gedir. Həmçinin Rusiya, Ukraynanın Qara dənizdəki taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə edərək hərbi gəmilərinə kamikadze-katerlərlə hücumlar təşkil edildiyindən də narazıdır.

Qərb indiyədək Türkiyənin Rusiya ilə münasibətlərindən yararlanaraq taxıl sazişinin uzadılmasına nail olub. Amma "Azov" komandirlərinin Ukraynaya qaytarılmasından sonra bu ölkələr arasında münasibətlər sərinləşib. Ərdoğanın Zelenski ilə taxıl müqaviləsinin uzadılmasını müzakirə etdiyini, Putinin isə bu mövzuda bəzi təklifləri olduğu barədə dedikləri Rusiya XİN-də əks-reaksiya doğurub. Xarici işlər naziri Sergey Lavrov "mənim hər hansı yeni təklifdən xəbərim yoxdur. Görünür, söhbət Putinlə Ərdoğanın uzun müddətdir müzakirə etdiyi məsələdən gedir", - deyə bildirib.

Xatırladaq ki, Ərdoğanın "Azov"çularla bağlı qərarının səbəblərdən biri kimi taxıl sövdələşməsi də göstərilirdi. Ankara bu addımı ilə Rusiyaya o mesajı verib ki, bu sövdələşmədə Türkiyənin də maraqları nəzərə alınmalıdır. BMT-nin məlumatları da bu iddiaları doğrulayır. Belə ki, taxıl təşəbbüsü çərçivəsində Ukrayna taxılının 10 faizi Türkiyə bazarına gedir. Ankara iqtisadi baxımdan qazanır. Üstəlik, bu razılaşma Türkiyənin və xüsusilə Rəcəb Tayyib Ərdoğanın reytinqinə və beynəlxalq nüfuzunun artmasına da töhfə verir.

Türkiyə mediası yazır ki, Ərdoğan Putinlə meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarələrinin alınmasını müzakirə etmək istəyir. "Cənab Putinlə şəxsi görüşdə biz onların bir neçə amfibiya təyyarəsinin alınmasını müzakirə edəcəyik", - deyərək Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, dövlət AFAD üçün helikopter və təyyarələrin alınmasına 100 milyon türk lirəsi ayırır. İndi hər şey Putinin mövqeyindən və hesablamalarından asılıdır. Rusiya indi o halda deyil ki, özünə Qara dənizdə yeni problemlər yaratsın və Türkiyə kimi müttəfiqi itirsin.

Rusiya mediası isə yazır ki, Moskva sövdələşmənin müddətinin uzadılmasına indiyədək geosiyasi və hərbi baxımdan razılıq verib. Çünki Rusiya sazişdən çıxsa, NATO ölkələrinin taxıl gəmilərini müşayiət etmək üçün Qara dənizə hərbi gəmilər göndərmək riski var. Türkiyə isə bu halda xarici hərbi gəmilərin Bosfor boğazından keçməsinə (Möntrö müqaviləsi) icazə verib-verməyəcəyi dillemması ilə üzləşə bilər. Ankara keçidə icazə verərsə, Rusiya ilə münasibətləri daha da gərginləşər. Gəmilərin keçidinə icazə verməsə, o zaman da Ərdoğanın Qərb və NATO ilə problemləri yaranar.

Vladimir Putin bu günlərdə ''Rossiya" kanalına müsahibəsində bildirib ki, Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. O, eyni zamanda qeyd edib ki, Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən vədlər yerinə yetirildikdə uzada bilər.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Esmira Yazkan ASLANOVA,

"Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.