Ermənistandan KTMT-yə növbəti rədd cavabı
Dünya xəbərləri

Ermənistandan KTMT-yə növbəti rədd cavabı

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) arasında soyuq küləklərin əsdiyi məlumdur. Paşinyan təşkilatın müharibə dövründə Ermənistana hərtərəfli yardım göstərəcəyinə ümid edirdi. Amma baş nazirin ümidləri puça çıxdı. Məhz bütün bunların qarşılığı olaraq Ermənistan üzv olduğu təşkilatın ard-arda tədbir və təlimlərindən imtina edir. Həmçinin yüksəkrütbəli erməni rəsmilərinin quruma qarşı sərt açıqlamaları ikitərəfli münasibətlərin heç də yaxşı irəliləmədiyini göstərir. 

Ermənistan bu dəfə də qurumun növbəti ay Belarusda baş tutacaq "Döyüş qardaşlığı" adı altında təlimlərinə qatılmaqdan imtina edib. Qeyd edək ki, Ermənistan istisna olmaqla üzv dövlətlərin hər biri təlimlərə qatılacağını təsdiqləyib. Rusiya mediasında yer alan xəbərlərə görə rəsmi İrəvan bununla təşkilatdan çıxma niyyətini açıq şəkildə bəlli edir. Hətta erməni mediasında yer alan xəbərlərdə baş verəcək hadisənin tarixi belə göstərilməklə Ermənistanın sentyabrın 13-də KTMT-dən çıxacağı iddia olunur. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan rəsmiləri dəfələrlə bununla bağlı təşəbbüslər irəli sürmüşdü. Əslində, Ermənistan faktiki olaraq bütün dünyanı, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qanunsuz, saxta tələbləri, istəkləri ilə artıq təngə gətirib. Xatırladaq ki, təşkilatın baş katibi İkinci Qarabağ müharibəsinə qarışmayacağını bildirmişdi. Buna görə də təşkilat Ermənistanı dəstəkləmədi. Rusiya Prezidenti isə müharibənin Ermənistanın kənarında - Azərbaycanın ərazisində baş verdiyi üçün qarışmayacağını bəyan etmişdi. Məlumdur ki, Qarabağla Ermənistanı birləşdirən yol məhz ölkəmizin ərazisindən keçir və KTMT-nin buna qarışması düzgün deyil. Xain haylar dəfələrlə təşkilatı proseslərə qoşmağa çalışsa da, buna nail ola bilmədi. Bir məqamı qeyd edək ki, qurumun Laçın yolu ilə bağlı şərh verməsi də təşkilatın səlahiyyətləri xaricindədir.

Görünür, Ermənistan yürütdüyü ikiüzlü siyasətlə həm Qərbdə, həm Avropa, həm də Rusiyada real dəstəyini itirmiş vəziyyətdədir. Daha dəqiq desək, Paşinyanın Qərb və Rusiya arasındakı "siçan-pişik" oyunu onun olmayan nüfuzunu bir daha yerlə-yeksan edib. Bu baxımdan, Paşinyan hazırda nə etməli olduğunu bilmir. Ermənistan baş naziri dərk etmək istəmir ki, mürəkkəb situasiyadan yaxa qurtarmağın yeganə yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, öz sərhədlərinə çəkilməkdir. Təbii ki, Qarabağla bağlı proseslərdə KTMT-nin Ermənistana köməyi real deyil. Çünki haylar bununla qurumdan beynəlxalq hüquq normalarına hörmət etmədən birtərəfli şəkildə erməniləri dəstəkləməsini istəyir. Ermənistan bunu da nəzərə almalıdır ki, üzv olduğu təşkilatı təxribatlara sövq etməklə özü təşkilatdan çıxmadan öncə qurum tərəfindən qovula da bilər. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi havadarlarına və xarici qüvvələrə uyaraq regionda təhdid yaratmağa davam edir. Bu gün haylara dəstək göstərən Fransa kimi dövlətlərin özləri də insan haqlarını kəskin və kobudcasına tapdaladıqlarına görə ittiham olunmalıdır. Çünki fitnəkarlığa sövq edən qüvvələrin Ermənistana dəstəyi ara qızışdırmaqdan başqa bir məqsəd daşımır. Amma Ermənistanın geridəqalmış siyasi rəhbərliyi vəziyyəti düzgün dəyərləndirə bilmədiyi üçün acı reallığın fərqində belə deyil. Əgər bu, belə olmasaydı, Paşinyan hakimiyyəti KTMT və ya Qərbin arxasınca qaçıb yalvarmaq əvəzinə, Azərbaycanla sülh müqaviləsini imzalayardı. Ermənistan dərk etmir ki, ölkənin gələcəyi məhz Azərbaycandan asılıdır. Nə qədər ki, Ermənistan baş naziri və onun siyasət anlayışından kənar komandası həqiqəti düzgün dəyərləndirə bilməyəcək, yol ayrıcında azıb məhv olacaqlar.

Nəzrin ELDARQIZI,

"Respublika".