Müstəmləkəçilik Fransanın daxili işi ola bilməz
Siyasət

Müstəmləkəçilik Fransanın daxili işi ola bilməz

Məlumdur ki, nəyin bahasına olursa-olsun Cənubi Qafqazda yerləşməyi qarşısına məqsəd qoyan Fransa regionun lider ölkəsi olan Azərbaycanı öz ambisiyalarını həyata keçirmək yolunda bir maneə olaraq görür. Xüsusilə də, İkinci Qarabağ savaşından sonra bölgədə yaranan yeni reallıqlar fonunda Ermənistanı özünə müttəfiq seçməklə rəsmi Paris demək olar ki, bütün beynəlxalq tribunalarda Azərbaycan əleyhinə qərar və qətnamələrin qəbuluna cəhdlər edərək ölkəmizə qarşı təzyiq kampaniyasına start verib. BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamələrin qəbuluna edilən cəhdlər, Avropa İttifaqının ayrı-ayrı qurumlarında Azərbaycana qarşı qəbul edilən qərarlar bunun bariz göstəricisidir. Amma bu təzyiq kampaniyasının bir işə yaramaması və rəsmi Bakının hər hansı xarici qüvvəyə boyun əyməməsi Parisi əməlli-başlı özündən çıxarıb. Üstəlik, dövlətimizin bu təzyiqlər fonunda müdafiə mövqeyində qalmayaraq hücum taktikasını seçməsi, Cənubi Qafqazda, Moldova və Ukraynada kök atan, Şərqi Avropa və Yaxın Şərqə uzanan böyük cəsus şəbəkəsini ifşa etməsi Yelisey Sarayı üçün soyuq duş effekti yaradıb. Odur ki, Makron başda olmaqla Fransa rəsmiləri hər fürsətdə ölkəmizə qarşı qərəzli bəyanatlarla çıxış edirlər.  

Görün, iş nə yerə çatıb ki, Fransa kimi tarixi soyqırımlarla dolu olan bir ölkənin daxili işlər naziri Azərbaycanı erməniləri kütləvi şəkildə qətlə yetirməkdə ittiham edir. Amma Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsini unudaraq zaman-zaman soyqırıma məruz qalan bir ölkəni nədəsə günahlandırması qəbuledilməzdir. Rəsmi Paris ölkəmizi ittiham etməkdənsə, Afrika qitəsinin böyük bir hissəsini Fransa müstəmləkəsinə çevirməsindən, xalqlarını istismar etməsindən, təbii sərvətlərini talamasından və Əlcəzairdə, Ruandada milyonlarla günahsız insanı qətlə yetirməsindən danışsın. Azərbaycan Fransanın daxili işlərinə heç vaxt qarışmayıb. Ölkəmiz sadəcə olaraq BMT-nin mövcud Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq rəsmi Parisin müstəmləkəçilik siyasətinə etiraz edib. Çünki başqa xalqların istismar edilməsi beynəlxalq hüquq normalarına zidd olduğundan Fransanın daxili işi hesab edilə bilməz.

Rəşad BAYRAMOV,

politoloq.