Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi
Tarixi şəxsiyyətlər

Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bu misraların müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə ziyalı, zadəgan bir ailədə  dünyaya gəlib. Əsl adı İlyasdır. Ömrünün axırına kimi Gəncədə yaşayıb.

Hələ uşaq yaşlarında olanda əvvəlcə atası,  daha sonra anası dünyasını dəyişir. Dayısı Ömər Nizaminin tərbiyəsi və təhsili ilə məşğul olur. Onu qardaşı Qivami Mütərrizi ilə birgə öz himayəsinə götürür. Dayıları hər iki qardaşa yüksək təhsil verir. O, təhsilini Gəncə mədrəsəsində alaraq,  ərəb və fars dillərinə mükəmməl şəkildə yiyələnir. Nizaminin  aldığı yüksək təlim və təhsil ona "müdrik" ləqəbini qazandırır. Onun müdrikliyinin göstəricisini şeirlərindəki fəlsəfi fikirləri, mülahizələri də sübut edir. O, həm də öz şeirlərində tarixə, riyaziyyata, astranomiyaya, hikmətə və müqəddəs dinə dair geniş məlumata malik olduğunu göstərir. Onun haqqında deyilənlərdən məlum olur ki, şair qədim dillərdən olan pəhləvi, nəsturi, yəhudi dillərinə də yiyələnə bilib. Nizami Gəncəvi Azərbaycan xalqının bəşər mədəniyyətinə,  ədəbiyyatına bəxş etdiyi ən böyük ədəbi şəxsiyyətlərdən, poeziya incilərindəndir.

 Nizami Gəncəvinin ədəbiyyat sahəsində geniş bilgilərini "Kəlilə və Dimnə"nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən də anlamaq olur. Astronomiya sahəsindəki biliyinə isə Məcnunun ulduzlara öz vəziyyətini nəql etməsində şahid oluruq. Nizami Allaha inanan, peyğəmbərə bağlı,  dinə  sevgi ilə yanaşan bir müsəlman olub. Şair əməksevər, gözütox, mülayim təbiətli olmaqla yanaşı, hamını da belə olmağa səsləyib. Şeirlərində dünyada baş verən zülmü,  haqsızlığı və  ədalətsizliyi tənqid edən şair, insanları mərhəmətli olmağa dəvət edirdi. Öz poemalarında, xüsusən də "Sultan Səncər və qarı", "Kərpickəsən kişinin dastanı", "Ağıllı çoban", "Xeyir və Şər" və digər mənzum hekayələrində haqqı, ədaləti tərənnüm edən şair yazırdı: "Mərd olmaq yaxşıdır, dünyada hər an, mərdlik ilə çatar arzuya insan". Bu ideya və amalla yaşayan şair dəfələrlə təklifə baxmayaraq, saray şairi olmaqdan imtina etmişdir. Nizami Gəncəvi azad ruhlu, azad düşüncəli, hər şeyə ülvi məhəbbətlə yanaşan,  dünyanı gözəlliklər içində, sevgi əhatəsində görmək istəyən biri olub. Şair üçün dünyanın fövqündə,  ən uca nöqtəsində şəxsiyyətin meyarı, insanlıq dururdu. Onun üçün insanlar arasında irqi, dini ayrı-seçkilik, fərqlilik yox idi. Hər şeydən öndə insanlıq,  onun mərhəməti, sevgisi dayanırdı. Elə bütün bu amallara görə də Nizami yaradıcılığında qəhrəmanlar arasında müxtəlif dinlərə, irqlərə mənsub insanlara rast gəlmək olur.  Nizami Gəncəvi dünyaca məşhur, sevilən klassik şairdir. Onun külliyyatı, şeiriyyəti və təfəkkürü o qədər güclü, mükəmməldir ki, hətta şairi bir sıra xalqlar öz adlarına çıxmağa cəhd edirlər. Lakin Nizaminin ilahidən gələn fitri istedadı,  ülvi hissləri və mərhəmət, məhəbbət aşiqi olması elə onun təmiz azərbaycanlı olmasının ən bariz sübutudur. Dünyada ikinci Gəncə adlı məkan yoxdur və ikinci Nizami Gəncəvi də doğulmayıb. O, təpədən dırnağa Azərbaycana,  doğma Gəncəyə,  onun gözəlliklərinə vurğun biri idi. Vətənpərvər şair şeirlərində hər zaman Azərbaycanı tərənnüm edib.

Nizami Gəncəvi dünyada ilk "Xəmsə" beşlik yaradan şairdir. Şair dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları ilə düşmüşdür. Nizami Gəncəvidən ilhamlanan Şərqin bir çox şairləri sonralar xəmsələr yaratmışlar. O, yaradıcılığa lirik şeirlərlə başlamışdır. 

Şairin həyatı əzəldən keşməkeşli,  acılarla dolu olub. Ata, ana nəvazişindən uzaq mükəmməl, bilikli, elmli biri kimi yetişsə də, sonrakı həyatında bir çox kədərli hadisələr baş verib. Taleyində, ailə həyatında bəzi uğursuzluqlar yaşanıb. Şairin ilk ailə qurduğu qadın, 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona  göndərdiyi qıbçaqlı kəniz olub. Nizami qıbçaqlı qızı böyük məhəbbətlə sevib. 1173-cü ildə həmin türk qızı ilə evlənib. Bu evlilikdən sevimli oğlu, göz nuru Məhəmməd dünyaya gəlib. Təəssüflər olsun ki, şairin xoşbəxtliyi uzun sürməyib. "Xosrov və Şirin" poemasını yazarkən, 1180-ci ildə Nizaminin dünyalar qədər sevdiyi qıbçaqlı gözəl vəfat edir. Bu hadisədən çox mütəəssir olan Nizami həmin vaxt yazdığı "Xosrov və Şirin" poemasında da sevimli xanımını yad edir. Şirini nəzərdə tutaraq belə yazır: "O mənim qıbçaqlı Afaqıma bənzərdi". Nizami Gəncəvi yeganə övladı olan Məhəmmədi ilahi bir məhəbbətlə sevmişdir. Türk gözəlindən doğulan oğlunu qiymətli türk övladı olaraq dəyərləndirmişdir. Türk qızı Afaqa olan sevgisi, məhəbbəti bütövlükdə oğlu Məhəmməddə cəmlənmişdir.

Onu da qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığından, poeziyasından təkcə Şərq deyil, Qərb şairləri də bəhrələnmişdir. Nizami poeziyasının ilahi qüdrətindən yan keçə bilməyən klassiklərdən Dante,  Bokkaçio, Şekspir, Şiller,  Höte, Bayron, Puşkin və digərləri bəhrələnmişdir. Həmin klassiklər təkcə Nizami poeziyasından yararlanmamış,  həm də şairi təbliğ, tərənnüm etmişlər.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi 1209-cu il mart ayının 12-də doğulduğu Gəncə şəhərində dünyasını dəyişmişdir. Dünyada ölməzlik qazanan,  ölümündən sonra belə yaşayaraq Azərbaycan ədəbiyyatını,  poeziyasını öz nuruna qərq edən dahi Nizaminin xatirəsi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. 1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 750 illiyi ilə əlaqədar şairin Gəncədə qəbirüstü məqbərəsi tikilib. Məqbərə Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə isə məqbərə kompleksi yenidən qurulub. 20 metr hündürlükdə olan məqbərənin ətrafında park salınıb. Nizami ruhu hər zaman Azərbaycan xalqının qəlbində yaşayır. 2012-ci il aprel ayının 20-də Heydər Əliyev Fondunun dəstəyilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur "Villa Borghese" parkında Nizami Gəncəvinin əzəmətli abidəsi açılıb.

Ramidə YAQUBQIZI,

"Respublika".