MUSİQİMİZİN KORİFEYİ: Üzeyir bəy
Tarixi şəxsiyyətlər

MUSİQİMİZİN KORİFEYİ: Üzeyir bəy

Hər gecəm oldu kədər,

qüssə, fəlakət, sənsiz

Hər nəfəs çəkdim hədər

getdi, o saət, sənsiz...

"Sənsiz". Çətin ruhumuzun incik düşən, narahat vaxtlarında heç nə ilə təsəlli tapmayanda ovqatımıza rahatlıq gətirən möhtəşəm musiqi parçalarından biri. Bəzən dünyadan, özündən küsəndə dahi Nizaminin sözlərinə yazılmış musiqinin gözəl uyumu bizi-bizdən alıb sakit bir aləmə aparır, onunla qüssəli, fəlakətli gecələr xoş bir sabah olur. "Sənsiz". Dahi Üzeyirin ən gözəl bəstələrindən biri... Təkcə "Sənsiz"mi? Bəs qıjıltı ilə axan dağ çayları, gur şəlalə qədər şaqraq, bütöv bir xalqı ayağa qaldıran, mübarizəyə səsləyən "Cəngi" necə? Üzeyirin Cəngisi...

Dahi Üzeyir Hacıbəyov, Azərbaycan musiqisinin korifeyi. Hər bir bəstəsi könül oxşayan bu böyük şəxsiyyət 1885-ci il sentyabrın 18-də Ağcabədidə doğulmuş, bir müddət sonra ailəsi ilə Şuşa şəhərinə köçmüşdü. Gələcəyin bəstəkarı elə ilk musiqi dərsini "Qafqazın konservatoriyası" adlanan bu mədəniyyət beşiyində almışdı. O yerin yaradıcılıq mühiti, şair, ictimai xadim, Qarabağ xanının qızı Xurşidbanu Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmalarına, Şuşanın ədəbi məclislərinə yol açmış, gələcək inkişafında böyük rol oynamış, onun bənzərsiz operalar müəllifi səviyyəsinə yüksəlməsinə vəsilə olmuşdu.

O, çoxcəhətli bir yaradıcılığa malik olub. Opera-operettaları, digər musiqi əsərləri öz yerində, ustad Azərbaycan musiqisinin əsasları kimi fundamental elmi-nəzəri əsəri də ərsəyə gətirmişdi. XX əsr realist ədəbiyyatının nümayəndələri C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, A.Şaiq, M.S.Ordubadi kimi o da qabaqcıl ideyalı, xalqın mədəni inkişafına xidmət edən incəsənətin ən fəal yaradıcılarından və tədqiqatçılarından idi. Tədqiqatçı Rəfiqə Qasımova yazır: "Ü.Hacıbəylinin milli estetik fikrin, yeni realist ədəbiyyatın inkişafı sahəsində xidmətləri böyükdür. Ustad bir sənətkar olan Üzeyir bəy musiqimizin inkişaf yolları və əsasları, xalq həyatı və təfəkkürü ilə bağlılığı, Avropa xalqlarının musiqi mədəniyyəti ilə əlaqəsi, xalq çalğı alətlərinin təşəkkülü kimi məsələlər, Azərbaycanda teatrın inkişafı, səhnənin və dram əsərlərinin tərbiyəvi əhəmiyyəti, şifahi xalq yaradıcılığına, klassik irsə münasibət, ondan istifadə yolları və s. barədə qiymətli elmi nəticələrə gəlmiş, maraqlı fikirlər söyləmişdir...".

Azərbaycanın görkəmli dramaturqlarının əsərlərindən bəhrələnən Üzeyir bəy elə bu səbəbdən də ilk növbədə "Arşın mal alan" və "O olmasın, bu olsun" kimi dəyərli operettalara can vermişdir. "Arşın mal alan" ötən yüz il ərzində planetimizin saysız-hesabsız şəhərlərində oynanılmışdır.

Görkəmli musiqi tədqiqatçısı Qubad Qasımov yazır ki, Üzeyir Hacıbəyov müəyyən dövrlərdə dönə-dönə öz əsərlərinə yenidən baxmış, əlavələr və dəyişikliklər etmiş, redaktəsinə fikir vermişdir. Bu baxımdan, xüsusilə "Arşın mal alan" operettası hər bir tədqiqatçının diqqətini özünə cəlb edir. Çünki müəllif bu əsəri üzərində yeni-yeni redaktə işi aparmışdır.

Dahi Üzeyirin yaradıcılıq nümunələrinə sahib çıxmaq iştahasına düşənlərin də sayı çox idi...

Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış, dahi bəstəkar azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini, istiqamətlərini araşdırıb üzə çıxarmış felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir bəy görkəmli yenilikçi, müəllim-ustad və böyük musiqiçi-ictimaiyyətçi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının mədəniyyət tarixində dərin iz qoyub.

Üzeyir bəy yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında bəlkə öləndən sonra da camaata mənfəət verirlər".

Dahi bəstəkarın özü də bu qəbildən olan insanlardandır. Ölməz əsərləri xalqın qəlbində özünə dərin yer salıb və əsrlər keçsə də, onun "Sənsiz"i, "Sevgili canan"ı, "Koroğlu"su, "Arşın mal alan"ı, "O olmasın, bu olsun"u insana rahatlıq gətirəcək, onu yaşamağa, yaratmağa, torpağını qorumağa, onun üçün savaşmağa, ondan ötrü can verməyə, qan tökməyə, Vətən bildiyimiz məmləkəti daha güclü, qüdrətli etməyə səsləyəcək. Çünki o əsərlər, bənzərsiz və əbədiyaşardır.

Deyirlər ki, Üzeyir bəy heç bəstəkar olmasaydı, "Leyli və Məcnun", "Koroğlu" kimi nəhəng səhnə əsərlərini sonradan dünya şöhrəti qazanmış "Arşın mal alan" operettasını yazmasaydı belə yenə də xalqımızın "böyük oğlu" olmaq statusuna yiyələnəcəkdi. Çünki onun iti ağlı, tükənməz istedadı ilə qələmə aldığı publisistik qeydləri, felyetonları küll halında klassik bədii nümunələrdir və müəllifin adını əbədiləşdirəcək istedad məhsuludur.

Amma o, özündə cəsarət tapıb çiyinlərini daha böyük bir yükün altına verdi və o vəzifəni uğurla yerinə yetirdi. Bir publisist kimi qalsaydı, bəlkə də ölkə çərçivəsində qiymətləndiriləcəkdi, ancaq bir bəstəkar kimi yaratdığı əsərlərlə dünya çapında tanındı. Və o, özü ilə bərabər Azərbaycan adını, millətinin adını planetə tanıtdı. Nə yaxşı ki, Üzeyir bəy bəstəkar oldu!..

Zümrüd QURBANQIZI,

"Respublika".