Sirli general – Kərim Kərimov
Tarixi şəxsiyyətlər

Sirli general – Kərim Kərimov

Tarixə kosmos əsri kimi daxil olan XX əsrdə yüzlərlə mühəndisin, hərbçinin, təyyarəçinin, kosmonavtın adı tarixləşib. Onların arasında görkəmli mühəndis və alim, 1966-cı ildən 1991-ci ilədək pilotlu gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri, sovet kosmik proqramının banilərindən biri, SSRİ-nin kosmik gəmilərinin heyətini kosmosa şəxsən özü göndərən general-leytenant Kərim Kərimovun xüsusi yeri var. Kosmodromda kosmik heyətlərin uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələr şəxsən ona edilsə də, həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kəs onun üzünü görmürdü. 1987-ci ildə "Pravda" qəzetində K.Kərimov haqqında məlumat verildikdən sonra bu əfsanəvi şəxsiyyət bütün azərbaycanlıların fəxrinə çevrildi.

General-leytenant Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhəri Nabat xanım Aşurbəyli 14 küçəsində babasının evində dünyaya göz açmışdır. Atası Abbasəli Kərimov Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində mühəndis kimi xidmət göstərmişdir.  Anası Suriya xanım gimnaziyanı bitirsə də, evdar qadın idi. 1925-ci ildə orta məktəbin birinci sinfinə qəbul olunan balaca Kərimin sevinci uzun sürmür. Elə həmin il anası vəfat edir. Ana nəvazişindən məhrum olan Kərimi atası tərbiyə edir, böyüdüb boya-başa çatdırır. Hələ orta məktəbdə oxuyarkən Kərim Kərimov radio texnikasına maraq göstərməyə başlayır. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan gənc Kərim özü bir neçə radioqəbuledici düzəltməklə, bu sahədə olan yeniliklərə ciddi maraq göstərir. 1941-ci ildə Kərim Kərimov elektromexanika üzrə mühəndis ixtisasına yiyələnir. Onun bəzi ideyaları hərbi mühəndislərin diqqətini cəlb edir.

İkinci Dünya müharibəsi zamanı radiomühəndislərə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə o, Jerinski adına Artilleriya Akademiyasına birbaşa beşinci kursa qəbul edilir. 1943-cü ildə bu təhsil müəssisəsini topçu mühəndis kimi başa vurur. İlk növbədə, S.Korolyov və V.Qluşko belə qərara gəlmişdilər ki, kosmosa uçuş olmasa da, müharibə üçün bizim təyyarələri reaktiv mühərriklərlə təchiz etməyin vaxtı gəlib. Onlar bütün instansiyalara müraciət edir, Stalinə məktublar yazırdılar. Müharibə dövründə faşistlərə qarşı uğurları Kərim Kərimovun "Səmaya aparan yol" kitabında geniş qeyd olunub.

1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub, 1946-cı ildən başlayaraq ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Bu nailiyyətlərə görə, 1950-ci ildə Kərim Kərimov ilk dəfə SSRİ Dövlət Mükafatına layiq görülüb.

Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmayıb. İlk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni "Lenin" ordeni ilə təltif olunub. Onun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor Karelov 1966-cı ildə təkidlə K.Kərimovun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olur. O, bu məsul vəzifədə düz 25 il çalışır. Məhz bu illər ərzində kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən, uzun illər milyonların tanımadığı general-leytenant Kərim Kərimov olur.

Onun həyatı məxfi olsa da, ürəyi doğma Azərbaycanda idi. O, öz xatirələrində də qeyd edirdi ki,  işdən vaxt tapan kimi Azərbaycan musiqisinə qulaq asar, şair və yazıçıların kitablarını vərəqləyirdi. Belə anlarda özünü Bakıda hiss edər, itirilmiş enerjisini bu sevgi ilə bərpa edərdi.

1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktor müavini təyin olunur. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan alim, mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar.

70-80-ci illərdə SSRİ miqyasında Bakı kosmonavtların daha çox qonaq olduqları şəhər idi. Kosmonavtika ilə bağlı müxtəlif beynəlxalq elmi konfranslar Bakını daima diqqət mərkəzində saxlayırdı. Kosmonavtların da iştirak etdikləri bu konfranslarda həmyerlimizin adı məxfi saxlansa da onun nüfuzu və təsir dairəsi bu tədbirlərdə açıq-aydın hiss olunurdu. Ancaq Azərbaycanda isə heç kəs bilmirdi ki, bu kosmonavtları kosmosa yola salan da, qarşılayan da onların həmyerlisi Kərim Kərimovdur. Həmin illərdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin SSRİ-dəki nüfuzu sayəsində Bakıda keçirilən bu görüşlər, konfranslar bütöv Azərbaycanda əsl kosmos bayramına çevrilmişdi. Azərbaycanla əlaqəsini kəsməyən, Azərbaycan Milli Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərməsinə geniş şərait yaratmışdır.

Kərim Kərimov "Sovet İttifaqı Qəhrəmanı" fəxri adına, iki dəfə "Lenin" ordeninə, "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz" ordenlərinə layiq görülmüş və çoxlu medallarla təltif olunmuşdur. O, iki dəfə dövlət mükafatına layiq görülmüşdür. Rusiya prezidenti Vladimir Putin onu "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif etmişdir. Bütün həyat və fəaliyyətinin Moskva ilə bağlı olmasına baxmayaraq, general Kərim Kərimov doğma Azərbaycanı heç zaman unutmamış, onun inkişafı ilə maraqlanmış, uğurlarına sevinmişdir.

Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivinə öz dəyərli məsləhət və tövsiyələri ilə daim yardımçı olan K.Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Ümummilli lider Heydər Əliyev Kərim Kərimovun fəaliyyətini həmişə yüksək qiymətləndirmiş,  kosmosla bağlı elmlərin inkişafına göstərdiyi xidmətlərə, töhfələrə görə general-leytenant Kərim Kərimov müstəqil Azərbaycanın  "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

29 mart 2003-cü ildə vəfat edən kosmosun azərbaycanlı əfsanəsi general-leytenant Kərim Kərimov Moskvada, Vaqankovski qəbiristanlığında dəfn olunub. 

Bu gün Azərbaycanda yüksək texnologiyaların tətbiqinə, kosmik elmin inkişafına xüsusi diqqət göstərilir. 2008-ci ildə Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramlarının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu göstərir. Ölkə başçısının 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında müvafiq sərəncamı isə 2013-cü il fevralın 8-də ölkəmizin ilk süni peyki olan "Azerspace-1"in orbitə çıxarılmasına səbəb oldu. Uğurların davamlı olması ölkəmizin kosmonavtika arenasında tanınması baxımından böyük rol oynadı və bunun nəticəsində Azərbaycanda bu ilin oktyabrında qlobal kosmik tədbir olan Beynəlxalq Astronavtika Konqresinin sayca 74-cü sərgisi baş tutdu.

Tacir SADIQOV,

"Respublika".