Əsgəran savaşının qəhrəmanı - Azərbaycanın istiqlal şəhidi
Tarixi şəxsiyyətlər

Əsgəran savaşının qəhrəmanı - Azərbaycanın istiqlal şəhidi

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində dünyaya gəlib. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1900-cü il avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1 il 2 ay xidmət edib, unter-zabit rütbəsi alıb. Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub.

1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Vətənə geri dönən polkovnik-leytenant Həbib bəy Səlimov Cümhuriyyət ordusunda dəftərxana rəisi vəzifəsində çalışıb. Hərbi işini gözəl bildiyinə görə az sonra Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərargah rəisi təyin edilib və Azərbaycan qoşunlarının Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olub, avqustun 1-də Ələti, Atbulağı və Nəvahini azad edib. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdirildiyi dövrdə ona polkovnik hərbi rütbəsi verilib.

1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu avqustun 14-də hərəkətə başlayıb və ertəsi gün Salyana çatıb. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək dərhal AXC hökumətini tanımağı tələb edib. Həmçinin yol boyu yerləşən rus kəndlərindən də silahlar toplanılıb, həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salınıb. Səməd bəy Mehmandarov Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökumətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə alıb və əhalidə olan silahları toplamağa başlayıb. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edilib. Dəstə avqustun 23-də Lənkərana çatıb. Tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bölgənin rus mənşəli əhalisi tərk-silah edilib, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim olub. Düşməndən qənimət götürülən bir təyyarə, iyirmi dörd top və altmış pulemyot Azərbaycan Ordusuna təhvil verilib. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilib.

O, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə Bakının azad edilməsində xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunub. Həbib bəy Səlimov həm də 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır. Belə ki, Qarabağda ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasından sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilib. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər bölgələri ilə Qarabağın əlaqəsini kəsmişdilər. Həbib bəy Səlimovun üstün hərbi zəkası nəticəsində üsyan yatırılıb. General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə Nazirliyinə göndərdiyi raportda bildirilirdi: "Bu gün saat 13-də Xanabadın ucqarı bizim əsgərlər tərəfindən alındı. Bakı alayı sıldırım qayalarla Daşbaşı yüksəkliyinə yanaşdı: podpolkovnik Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı. Sol cinahda ermənilər Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks həmləyə keçdilər. Onları Xanabaddan qaçmağa məcbur etdik. Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə atılır. Qoşunların əhvali-ruhiyyəsi əladır, düşmən çoxlu itki verib, təkcə Xaraşurtda 60-dək erməni meyidi var".

Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olub, lakin bolşeviklərlə işləməyi rədd etdiyi üçün 1920-ci il sentyabrın 1-də həbs edilib və həmin il dekabr ayının 30-da saat 10:30-da bolşeviklər tərəfindən güllələnib.

Bütün varlığı ilə Azərbaycanda hərbi sistemin qurulması, möhkəmlənməsi üçün çalışan bu böyük şəxsiyyətin adı tariximizin şanlı səhifələrinə yazılıb. 1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy "Bakının böyük hərb yollarında" kitabında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır: "Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir". Məhəmməd Əmin Rəsulzadə isə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Həbib bəy Səlimovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Jalə QASIMZADƏ,

"Respublika".