Diaspor fəalları 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər keçiriblər
Diaspora

Diaspor fəalları 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər keçiriblər

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) Səfirliyi Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Paytaxt Pretoriyadakı Səfirlikdə keçirilən tədbirə 100-ə yaxın dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Yohannesburq şəhərində yerləşən Yunus Əmrə İnstitutunun direktoru, elmi-akademik dairələrin, yerli medianın və ictimaiyyətin nümayəndələri, yerli müsəlman icmasının təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri qatılıblar.

Tədbirin əvvəlində Azərbaycan və Cənubi Afrikanın Dövlət himnləri səsləndikdən sonra açılış nitqi ilə çıxış edən müvəqqəti işlər vəkili Zaur Şükürov 1918-ci il mayın 28-də əsası qoyulmuş və bu il 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verdiyini diqqətə çatdırıb.

CAR hökumətini təmsil edən fəxri qonaq, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin (XİN) baş direktorunun müavini, səfir xanım M.Dlomo öz növbəsində ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mədəni proqram çərçivəsində CAR-da yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyevin təsisçisi və bədii rəhbəri olduğu “Xarıbülbül” rəqs qrupunun üzvü yerli qızlar tərəfindən Azərbaycan milli rəqsləri məharətlə ifa edilib. Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Ramil Şükürovun ifasında milli mahnılar səsləndirilib. Rəqs və mahnılar qonaqlar tərəfindən maraq və alqışlarla qarşılanıb.

***

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.

"Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evi, Ottava şəhərində yaşayan diaspor fəalları Nigar Əliyeva və Emin Qaranın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatı Çandra Arya, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin rəsmiləri, Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının fəalları, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Kanada parlamentinin millət vəkili Çandra Arya, AR Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova çıxış ediblər. Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən çıxışçılar bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə məlumat veriblər.

"Mənim Azərbaycanım" həftəsonu məktəbinin şagirdlərinin ifasında bir sıra Azərbaycan rəqsləri və nağara ritmləri nümayiş olunub, Ottavada fəaliyyət göstərən "Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. Parlament meydanında təşkil edilmiş tədbir “Yallı” rəqsinin ifası ilə tamamlanıb.

“Respublika”.