Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"BNN": Azərbaycanın XİN rəhbəri qoşunların geri çəkilməsi məsələsində erməni həmkarına irad bildirib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklifin rəsmi Bakı üçün qəbuledilən olmadığını bildirib.

Nazir türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:

"Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər", - deyə nazir bildirib.

"The National İnterest": Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar - Sırada sülh var?

ABŞ mediası Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məqalə dərc edib. Qeyd edilib ki, iki ölkənin sülh prosesində birbaşa danışıqlar aparması regionu geosiyasi gərginlikdən azad edəcək.

2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürüb.

Məqalədə vurğulanıb ki, Azərbaycanın COP29-a evsahibliyinin təsdiqlənməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Dünyanın ən çətin regionlarından birində bunu reallaşdırmaq əsl məharətidir. Bu, həmçinin Azərbaycanın Avrasiyada Qərb və Türkiyənin strateji tərəfdaşı kimi güclənməsini təmin edir.

"ANKASAM": Azərbaycan, Qazaxıstan və Özbəkistan Birgə Kommünike qəbul edib

"ANKASAM" (Ankara Kriz və Siyasət Araşdırmaları Mərkəzi) saytı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüş barədə məlumat yayımlayıb. Məlumatda görüşün nəticəsi olaraq Birgə Kommünikenin qəbul edildiyi bildirilib. Xəbərdə, həmçinin sənədin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev tərəfindən imzalandığı yer alıb.

Qeyd edək ki, Birgə Kommünikedə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.

"Anadolu Agentliyi": ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır

ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

"Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir", - deyə M.Miller qeyd edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır: "Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərtilə heç bir problem yoxdur".

"Vestnik Kavkaza": Azərbaycan Rusiyaya ərzaq böhranından çıxmağa kömək edəcək

Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir.

Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə danışıqlar da aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonunda, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Nazirliyin məlumatına əsasən 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3 faiz artaraq 31,74 milyard ədəd təşkil edib.

"Turkic World": Xankəndi stadionu futbol üzrə Azərbaycan kubokunun oyununu keçirməyə hazırdır

"Turkic World" xəbər saytı yazır ki, Xankəndi şəhər stadionu futbol üzrə Azərbaycan kubokunun oyununu keçirməyə hazırdır. Bu barədə sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb. Azərbaycan kuboku çərçivəsində bu stadionda "Qarabağ" - MOİK matçı keçiriləcək. Oyun dekabrın 21-də baş tutacaq.

"Respublika".