Azərbaycanın xarici siyasətinin önəmli istiqamətləri
Siyasət

Azərbaycanın xarici siyasətinin önəmli istiqamətləri

Ölkəmizin sıx əməkdaşlıq etdiyi dövlətlərdən biri Misir Ərəb Respublikasıdır. Hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlmiş və ölkəmizdən xoş təəssüratla ayrılmışdır.

Misir dövləti 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən ölkənin Prezidenti ilə görüşüb. Həmin görüşdə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm məsələlər müzakirə edilib.

Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.

Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirə rəsmi səfərində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misir Parlamenti tərəfindən medalla təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.

Səfər zamanı Azərbaycanın M.F.Axundov adına Milli Kitabxana, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qalyubiyyə vilayəti arasında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq Protokolu, həmçinin İnformasiya Texnologiyaları nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə Protokol imzalanıb. Bundan başqa, 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.

2002-ci ilin oktyabrında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misirin 14 şirkəti fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlıq çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələr turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.

2008-ci ildə Qalubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda ümummilli lider Heydər Əliyevin abidəsinin və "Azərbaycan" küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qalubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlara da əməkdaşlıq üçün nümunə ola bilər.

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.

İyunun 8-də Qahirədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.

Görüş zamanı Prezident İlham Əliyev Əl-Əzhərdə ikinci dəfə olduğunu xatırladıb, Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirib.

Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi məsələləri müzakirə olunub. Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin də önəmini qeyd edib. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsinin qərara alındığı, iqtisadi-ticari sahədə əlaqələrin daha da inkişaf etdiyi vurğulanıb.

Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsindən də bəhs edilib, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparıldığı qeyd olunub.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.

Söhbət zamanı həm də ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə mövzusu olub. Şərq-Qərb, Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirib, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

Ali Baş Komandan Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissilə vurğulayaraq Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Ölkə başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, hazırda beş məscidin bərpa olunduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycan İslam həmrəyliyinə töhfə verdiyini və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirdiyini vurğulayıb.

Dövlət başçısı Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğulayaraq, vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-nın işğal dövründə tamamilə dağıdıldığını qeyd edib.

Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını deyib.

Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğulayıb, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd edib.

Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulayıb.

Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.

Bayram SALMANOV,

"Respublika".