Qeyri-qanuni rejim buraxılmalı, separatçılar tərk-silah edilməlidir
Siyasət

Qeyri-qanuni rejim buraxılmalı, separatçılar tərk-silah edilməlidir

Azərbaycan Ermənistanla sülh şəraitində yaşamaq niyyətində olsa da, İrəvanın addımları tamam başqa mənzərədən xəbər verir. Belə ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünə qəsd niyyətindən əl çəkməyib. Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şousu bunun faktiki təsdiqidir. Halbuki, həmin yüklərin gəlişi üçün Azərbaycan heç bir razılıq verməyib. Ermənistanın belə özbaşına qərarı Azərbaycanın ərazi bütövlüyünə yeni qəsd cəhdi, sülhə vurulan növbəti zərbədir.

Proseslərin təhlili göstərir ki, Ermənistan TIR şousuna xeyli vaxtdır hazırlaşıb. Azərbaycanın öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmizlə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük" adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd-keçid məntəqəsinə qarşı növbəti təxribatdır. Ermənistan Azərbaycan ilə razılaşdırmadan nümayiş və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni "Laçın" sərhəd-keçid məntəqəsinə gətirmişdir. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altındakı korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlmişlər. Bu kimi addımların heç bir mənası yoxdur. Şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Ermənistanın bu kimi əməllərinə diqqət çəkərək vurğulayıb ki, kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatçı statusda yaşamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyətləri isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma, qanunsuz rejimin yaşamasını təmin etməkdir və bunun üçün müxtəlif bəhanələrdən istifadə edirlər.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirilir ki, hazırda erməni sakinlərin Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır. Halbuki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus-Xankəndi istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib. BQXK-yə məxsus nəqliyyat vasitələrində BQXK nümayəndələri və erməniəsilli şəxslər olub. Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Avtomobillərdə habelə ərzaq və dərman ləvazimatı da olub. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. 31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı "soyqırımı" həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndiyə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin "humanitar vəziyyət" ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklanması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. Qeyd edilən təxribat da Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirir.

"Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər". Bunu Hikmət Hacıyev deyib. Əlavə edib ki, dialoqdan, təmaslardan, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Ona görə də qeyri-qanuni rejim buraxılmalı və tərksilah edilməlidir.

M.MUSTAFAYEV,

“Respublika”.