Azərbaycan ətraf mühitin məhv edilməsinə görə Ermənistana qarşı arbitraj prosesinə başlayıb
Gündəm

Azərbaycan ətraf mühitin məhv edilməsinə görə Ermənistana qarşı arbitraj prosesinə başlayıb

Sentyabrın 14-dən 16-dək Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransı keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil olunan konfransda ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov təmsil edib.

Çingiz Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.

Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə ölkəmiz tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub