Azərbaycan artıq bütün ərazisinə tam nəzarət edəcək
Digər xəbərlər

Azərbaycan artıq bütün ərazisinə tam nəzarət edəcək

"Qarabağın separatçı rejimin mövcud olduğu hissələrində öz konstitusion quruluşunu bərpa etmək məqsədilə həyata keçirdiyi antiterror tədbirləri Azərbaycanın daxili işi olmaqla bərabər, həm də beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə, Azərbaycanın tərəfdar çıxdığı müqavilələrə, o cümlədən BMT Nizamnaməsinə tam uyğundur".

Milli Məclisin deputatı Bəhruz MƏhƏrrƏmov Müdafiə Nazirliyinin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanatını şərh edərkən bildirib: "Bizim hədəflərimiz aydındır, legitimdir. Bakının tədbirləri Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir.

Eyni zamanda beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutaraq mülki insanların zərər görməməsi üçün bütün lazımi tədbirlər görülürdü. Silahlı Qüvvələrimiz yalnız Ermənistanın ərazilərimizdəki silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələri və hərbi təyinatlı obyektləri hədəfə aldı. Bizim hədəfimizdə erməni amili yoxdur, biz terrorçuları, təxribatçıları təmizləməklə bölgəyə sülh və əmin-amanlıq, xoş gələcək vəd edirik.

Təəssüflər olsun ki, xaricdən bəzi dairələr, xüsusən Fransa prosesləri fərqli müstəvidə izah etməklə Azərbaycana qarşı təzyiq mühiti formalaşdırmağa cəhd edir. Lakin bu, sadəcə imkansız istək olaraq qalacaq və Prezident İlham Əliyevin dediyi kimi, heç kim bizim iradəmizə təsir edə bilməz. Əslində Fransa özü anlamalıdır ki, bu gün regionda vəziyyətin gərginləşməsinin ilk baiskarlarından biri elə özüdür. 30 il işğal və separatizmə dəstək verməklə Fransa regionda münaqişə vəziyyətinin davam etməsinə çalışıb.

Eyni zamanda ABŞ ilə bağlı da analoji vəziyyət hökm sürür: "ABŞ Senatı və Nümayəndələr Palatası faktiki olaraq erməni lobbi yuvasına çevrilib. Son dövrlər Dövlət Departamenti rəsmilərinin belə dilindən beynəlxalq hüquqazidd formada, açıq ermənipərəst bəyanatlar eşidirik. Lokal xarakterli antiterror tədbirlərinin ardınca ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıb, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.

Biz dəfələrlə Qarabağın erməni icması ilə danışıqları təklif etmişik, hər dəfə separatçılar Ermənistandan və Qərbdən gələn siqnallara uyğun olaraq danışıqları pozublar. Biz legitim məqsədlər naminə antiterror tədbirləri həyata keçirdik, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, "təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı və silahlı birləşmələrin ağ bayraq qaldırması ilə proses dayandırıldı.

Qarabağın separatçı rejimin mövcud olduğu ərazilərində Azərbaycanın Konstitusion quruluşunu bərpa etmək məqsədilə antiterror tədbirləri milli məsələdir. Ölkədə bütün üzdə olan siyasi partiyalar da məhz bu səbəbdən siyasi hədəflərini bir kənara qoyub milli birlik nümayiş etdirərək bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı dəstəkləməyə çağıran bəyanat yaydılar. Amma radikal antimilli ünsürlər Vətən müharibəsində olduğu kimi bu dəfə də haqq işimizdə düşmənlə eyni tərəfdə oldu. Baxmayaraq ki, bu gün Konstitusiya quruluşumuzu bərpa etməkdə olduğumuz ərazilərdə separatçılar məhz AXC-Müsavat hakimiyyəti illərində möhkəmləniblər.  Hakimiyyəti zəbt etmək və iqtidarda qalmaq üçün bu antimilli ünsürlərin Laçını, Kəlbəcəri, Şuşanı satması məhz separatçılara Ermənistanla birbaşa kommunikasiya imkanı yaradıb və separatçı rejim Qarabağda məhz bu antimilli ünsürlərin səbatsız, satqın xisləti ucbatından möhkəmlənib. Vətən müharibəsindən sonrakı dönəmdə "Xankəndi" davası aparan antimilli ünsürlər bu gün addımımız Xankəndinin kandarındaykən artıq separatçı rejim kimi özlərinin də iflasını duyurlar. Özləri də bilirlər ki, Qarabağda Azərbaycanın Konstitusion quruluşunu bərpa etmək məqsədilə həyata keçirilən antiterror tədbirlərindən narahat olan ünsürlərin tam formada tarixin zibilliyinə göndərilməsi qaçılmazdır".

Tacir SADIQOV,

"Respublika".