ATİAHİ RK-nın XVIII hesabat-seçki konfransı keçirilib
CƏMİYYƏT

ATİAHİ RK-nın XVIII hesabat-seçki konfransı keçirilib

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.

ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransı açıq elan edib. Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) məsələlər daxil edilib.

ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: "Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaq üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqın büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib.

ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlarla da kollektiv müqavilələr bağlanıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən koronavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə "Qəhrəman təhsil işçiləri" adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb.

Sonra hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səs çoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş Komissiyasının hesabatı səsə qoyulub. Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.

Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərar qəbul olunub. Qərar konfrans iştirakçıları tərəfindən dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.

Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.

Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.

Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Z.QURBANQIZI,

"Respublika".