Ucalardan-uca
CƏMİYYƏT

Ucalardan-uca

Ulu Öndərin anadan olmasından 101 il ötür

Bəzən şəxsiyyətlər barədə düşünərkən təəssüflənirsən ki, o, yaşamış olduğu dövrdə deyil, bir qədər əvvəl, ya bir az sonra dünyaya gəlsəydi, daha çox fayda verər, daha silinməz izlər qoyardı. Lakin tarixin də öz məntiqi var. Uca Yaradan nadir  şəxsiyyətləri millətlərə və məmləkətlərə sərvət, irs kimi məhz  məsləhət bildiyi zaman kəsiyində bəxş edir.

Azərbaycan tarixində Heydər Əliyevin adı və əməlləri əbədi qalacaq. Yarım əsrdən artıq bir müddətdə millətin tarixinə  bilavasitə təsir göstərmiş bu şəxsiyyətin ayrı qisməti də ola bilməzdi və o, artıq bu tarixin  ayrılmaz bir parçasıdır.

XX əsrin sonunda Azərbaycana yenidən nəsib olmuş müstəqillik bir daha itirilə bilərdi. Tale bizi bu bəladan hifz etdi, Heydər Əliyev qayıtdı, istiqlal yükünün bütün ağırlığını dözümlü çiyinlərinə götürdü, addım-addım irəlilətdi, o əziz nemətimizi sarsılmaz etdi. Liderlik yolunun başlanğıcından - 1970-ci illərdə, yaxın və uzaq xaricdə ən güclü, ən əvəzolunmazlardan sayıldığı kimi, ixtiyar çağında da, XX əsrin sonları və XXI əsrin əvvəllərində də bu  üstünlüyü qoruyub saxladı.

İndi Ulu Öndəri eşitmək,  ondan öyrənmək, mənəvi güc almaq ehtiyacımız var. Bax bu məqamda vaxtilə onunla işləmiş, onu yaxından tanıyan insanların xatirələri bu mənəvi ehtiyacımızı ödəyir. Məhz onların yaddaşlarında qalmış epizodlar, indiyədək eşidilməyən faktlar dilə gətirildikcə, Heydər Əliyev daha böyük, əzəmətli görünür. O insanlarla görüşlər bizi böyük bir tarixlə üz-üzə qoyur. Bu günlərdə "Respublika" qəzetində keçirilən görüş də bizə o anları yaşatdı.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində bu dahi şəxsiyyətlə birgə işləmiş  Dilarə xanım Seyidzadə ilə redaksiyada keçirilən görüş maraqlı məqamlarla yaddaşlarda qaldı. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev görüşün məram və məqsədindən danışaraq dedi: "Ulu öndər Heydər Əliyev dünyaşöhrətli lider, dövlət başçısı, görkəmli şəxsiyyət idi. Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident katibliyinin keçmiş rəisi, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə bu gün redaksiyamızın qonağıdır. Dəvətimizi qəbul etdiyi üçün Dilarə xanıma təşəkkürümüzü bildiririk. Jurnalist ailəsində böyüdüyünə görə Dilarə xanım Ulu Öndərlə birgə çalışanda həmin genetikadan gələn xüsusiyyətlərdən yararlanıb, redaktə, mətn düzəlişi və yaxud tədbirlərin xronologiyasını salnaməçi kimi incəliklə yerinə yetirib. Ulu Öndərin etimadını yüksək səviyyədə doğrulda bilib".

Dilarə Seyidzadə mədəniyyət tariximizdə  iz qoymuş insanlardan biri, jurnalist, diplomat, tərcüməçi Bağır Seyidzadənin ailəsində dünyaya gəlib. O, Azərbaycan Sənaye İnstitutunun məzunu olsa da, jurnalistikanı həmişə həyatının əsas işi saymışdı. Azərbaycan tərcümə məktəbinin baniləri arasında  Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə  xidmətləri çox böyükdür.

Halallığa, dürüstlüyə böyük önəm verən Bağır müəllim övladlarını da bu ruhda tərbiyə edib, onların təhsilinə böyük diqqət yetirib. Qızı Dilarənin tarixçi olmaq istəyini də hörmətlə qarşılayıb, ona tövsiyələrini verib. Dilarə Seyidzadə seçdiyi sahədə pillə-pillə ucalıb, elmdə  böyük nailiyyətlər qazanıb. Bu uğurlu tale yolunun davamında sonralar dövlət işində çalışıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi işləyən Dilarə xanım gərgin iş şəraitinə baxmayaraq, elmi axtarışlarını da davam etdirib.

Dilarə Seyidzadənin Ulu Öndərlə tanışlığının öz tarixçəsi var. Elə ilk sual da belə oldu: "Böyük şəxsiyyət Heydər Əliyevlə tanış olmaq, onunla birlikdə çalışmaq şərəfli, çətin və məsuliyyətlidir. Ulu Öndərlə ilk görüşünüzü necə xatırlayırsınız?" Cavab olaraq Dilarə xanım dedi: "90-cı illər idi. Hamı yaxşı bilir ki, Azərbaycan demək olar ki,  o zaman dağılırdı. Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı "Heydər Əliyev portretinə siyasi ştrixlər" adlı kitabın bir hissəsini hazırlamaq mənə tapşırılmışdı, hazırladım, çox bəyəndi. Üstündən 8 ay keçəndən sonra onunla  Kasablankaya getməli olduq, forumda iştirak etməliydik. Bizim ilk görüşümüz onda oldu. Görüşdən qayıtdıqdan sonra  məni qəbul etdi.

1994-cü ilin dekabrında Londona getdik. Görüş zamanı qeydlər etməyə başladım. Fasilə zamanı: "Göstər görüm nə yazmısan?", - deyə soruşdu. Mən yazdıqlarımı göstərdim, baxıb: "Sən stenoqram üzrə təhsil almısan? Necə çatdırırsan? Mənim görüşlərimi  hələ heç kəs   belə dəqiqliklə qeyd etməyib", - dedi. Beləcə bir neçə səfərdə onu müşayiət etdim. 1997-ci ildə Prezidentin köməkçisi vəzifəsini təklif etdi. Ulu Öndərlə birgə fəaliyyətimizin əsası qoyuldu".

Dilarə xanım Ulu Öndərin özünəməxsusluqlarından danışarkən söylədi ki,  Heydər Əliyev səfərlərə xəritə aparırdı, çünki görüşlərdə ondan istifadə edirdi. Mən Ulu Öndərin tapşırığına əsasən  Azərbaycanın xəritəsini ayrı-ayrı formatlarda  hazırlatmışdım. Böyük formatda olan xəritələrdən mətbuat işçiləri ilə, bir az kiçik formatda olanlardan isə prezidentlərlə görüşündə istifadə edirdi. Bir dəfə Praqada NATO-nun sammitində idik. Mənə dedi ki, "Mən Jak Şirakla qəhvə içəcəm, o xəritəni gətirərsən mənə". Mən çətinliklə xəritəni ona apardım, çünki Praqa mühafizəsi yaxına buraxmırdı. O, qəhvə içə-içə Şiraka xəritəni göstərərək deyirdi ki, ermənilərin işğal etdikləri bu torpaqların onlara heç bir aidiyyəti yoxdur, sərhəddən xeyli uzaqda yerləşir. Onun bütün görüşləri belə keçirdi. Xəritənin önündə, əlində göstərici".

Ulu Öndərin qaçqın və məcburi köçkünlərlə görüşləri də maraqlı keçirdi. Bu dahi insan  belə görüşlərdə kövrələr, soydaşlarımıza təskinlik, təsəlli verər: "Narahat olmayın, hər şey yaxşı olacaq" deyər, uşaqları bağrına basar, öpər, oxşayardı. O görüşlərdə maraqlı anlar yaşanardı.  Bir dəfə seçki ərəfəsində Biləsuvar rayonunda  məskunlaşmış məcburi köçkün soydaşlarımızla görüşdə belə bir hadisə baş vermişdi.  Dilarə xanım o anları da xatırladı: "Sentyabr ayı olsa da, hava isti idi. Ulu Öndərin əyləşdiyi maşın düşərgəyə yaxınlaşanda bir qrup uşaq  Prezidentin maşınının arxasınca qaçmağa başladı. Maşını saxladılar, Ulu Öndər düşüb onları ətrafına yığdı. Uşaqlardan birini qucaqlayaraq ondan soruşdu: "Sən niyə mənim maşınımın dalınca qaçırsan?". Oğlan ağlaya-ağlaya: "Heydər baba, deyirlər siz gedirsiniz, getməyin!", - dedi. Ulu Öndər özünəxas səmimiyyətlə: "Gedin hamıya deyin ki, Heydər baba heç yerə getmir, həmişə sizinlə olacaq", - deyib onu sakitləşdirdi. Mən isə uşağa yaxınlaşıb qeydlərimi götürdüm.

Üstündən 6 ay keçmişdi. Bir dəfə gecə saat 11-də zəng vurub həmin uşağı soruşdu: "Biləsuvardakı uşaq yadındadır?". Dedim, yadımdadır. "Onu mənə tapa bilərsən?". Dedim taparam. "Axı, necə?" - soruşanda, qeydlər apardığımı söylədim, razı qaldı. O uşağı tapdıq, məlum oldu ki, xəstədir, Bakıda müalicə olunur. Eşidəndə məyus oldu, lazımi  göstərişlərini verdi, uşaq tam qayğı ilə əhatə edildi. İllər sonra tədbirlərin birində həmin uşağın vaxtilə müalicə olunduğu  xəstəxananın baş həkimi uşağın tam sağaldığını, böyüyüb ailə qurduğunu, övlad sahibi olduğunu dedi. Mən bu xəbəri Ulu Öndərə çatdıranda çox sevindi".

Heydər Əliyevin rəsmi görüşlərinin hər biri əlamətdar hadisəyə çevrilirdi və bu görüşlərdə özünün  bütün keyfiyyətlərini nəzərə çarpdırır, çoxlarını təəccübləndirir, heyran qoyurdu. Belə görüşlərdə tarix çox vaxt köməyinə çatırdı. Həmkarlarımızdan birinin: "Siz çıxışınızın əvvəlində qeyd etdiniz ki, bir sıra ölkələrə gedəndə belə prezidentlər onu dövrəyə alır, başına yığışır, ona ard-arda suallar yağdırırdılar. Hansı maraqlı məqamlar olub?" - sualına Dilarə xanımın cavabı isə belə oldu: "Bəli, görüşlərdə maraqlı məqamlar olurdu. Vatikanda Papa ilə görüşündə  məni çağırıb: "Papa polyakdır, polyaklarla maraqlanır. Sən bir tarixçi kimi onunla danış". Danışdım. Papa da məmnun qaldı.  Onu da deyim ki, ulu öndər Heydər Əliyev özü də tarixi çox gözəl bilirdi. Qaldı onun prezidentlərlə görüşünə. Bəli, ondan öyrənirdilər. Hərdən elə olurdu ki, hansısa ölkənin prezidenti heç kəsin eşitməməsi üçün onun qoluna girib kameranın, dinləmənin olmadığı bir yerdə suallar verirdi. İnanın, səmimi deyirəm, bu, qürurlu anlar idi".

Ulu Öndər görüşlərdə Azərbaycanın ən gözəl təbliğatçısı idi. O, doğma Vətəni haqqında sevgi ilə danışır, hər bir dövlət rəhbərini bu diyara dəvət edirdi. Dilarə xanım Ulu Öndərin hər biri tarix olan  səfərlərindən isə yorulmaq  bilmədən danışırdı: "Bir dəfə Türkiyədə olanda görüş iştirakçılarından bir neçəsi: "Cənab Prezident, biz də azərbaycanlı olmaq istəyirik" - deyəndə: "Çalışın, çalışın, azərbaycanlı olmaq üçün  böyük əmək sərf etmək lazımdır", - demişdi. 1997-ci ildə Ulu Öndərin ABŞ-a ilk səfəri oldu. Onda Hafiz Paşayev səfir idi.  Əhəmiyyətli görüşlər keçirildi. ABŞ-ın dünyaca məşhur politoloqu Zbiqnev Bjezinski Heydər Əliyevə pərəstiş edirdi, onlar yazışırdılar. Hətta sonralar da Prezident İlham Əliyevə ünvanladığı məktublarda xüsusi qeyd edirdi ki, mən dahi atanızın hesabına sizin regiona tamamilə başqa münasibət bəsləyirəm. Həmçinin Henri Kissincer. Nə vaxt görüş olurdusa, yaxınlaşıb Heydər Əliyevdən nəsə soruşurdu. Ümumiyyətlə, səfərə gedəndə materialları nəzərdən keçirərdi, oxumağı çox sevməzdi. Hazır çıxış olsa da, çox vaxt ssenarini tamamilə dəyişərdi. Türkiyədə "Üç dəniz əfsanəsi" beynəlxalq tədbirində də belə olmuşdu.  Bir neçə dildə hazırlanan çıxışın mətnini elə tədbir gedə-gedə dəyişmişdik. Heydər Əliyev özü də əfsanə idi".

2000-ci il mayın 9-da ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun həmsədri Kerri Kavano ulu öndər Heydər Əliyevə Ağdamın Cümə məscidinə aid olan daş parçasını təqdim etmiş və  demişdi:  "Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, o  böyük məscidin özü geri qaytarılacaq". Tanrı o günü xalqımıza qismət etdi, Prezident İlham Əliyevin sayəsində o böyük gün gəlib çatdı, torpaqlarımız işğaldan azad olundu və həmin daş parçası bərpadan sonra bu yaxınlarda açılışı olan Ağdam Cümə məscidinə qaytarıldı. Dilarə xanım o məqamı xatırlayaraq dedi: "Ulu Öndər o daş parçası ona veriləndə heç nə demədi. Kövrəlmişdi. Ona çox ağır gəlirdi, dünyanın bu ikili yanaşması, laqeydliyi, ögeyliyi onu çox incidirdi. Heydər Əliyev xalqımızı xoşbəxt, torpaqlarımızı azad görmək istəyir və bunun üçün  var qüvvəsilə çalışırdı. Nə xoş ki, Prezident İlham Əliyev onun bu arzusunu yerinə yetirdi. Dövlət başçısına hər birimiz dəstək olmalıyıq, hər kəs öz işində. Siz jurnalistlər isə qələminizlə Azərbaycanın daha da güclənməsi üçün çalışın, milli maraqlarımızı uca tutun".

Tədbirin sonunda "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev dedi: "Ulu Öndər hər sözə, hər kəlməyə dəyər verirdi. Onun tələblərini ödəmək, etimadını doğrultmaq isə çətin məsələ idi. Bu işin öhdəsindən bacarıqla gələn Dilarə xanım Seyidzadəyə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində Heydər Əliyevlə bağlı xatirələrini bizimlə bölüşdüyü üçün redaksiyamızın kollektivi adından təşəkkürümüzü bildiririk".

Zümrüd QURBANQIZI,

"Respublika".