Xatirələrdə yaşayanlar
Region

Xatirələrdə yaşayanlar

Lənkəran elinin mərd oğlu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ehtiram Hüseynli  İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı naminə  son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalır. Dövlət tərəfindən şəhidin qəhrəmanlığı “İgidliyə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad olunmasına görə medallarına layiq görülür.

Bu günlərdə şəhidin doğum gününü də böyük qürurla qeyd etdilər. Belə ki, 46 yaşının tamamında Lənkəran Şəhər İcra Hakimiyyətin əməkdaşları, ictimaiyyət nümayəndələri, sadə camaat onun uyuduğu torpağının ziyarətinə gəlib, məzarına gül dəstələri düzdülər. Sonra ziyarətçilər qəhrəmanın boya-başa çatdığı ata ocağında ordumuzun qazandığı şanlı qələbədən, Ehtiram kimi qeyrətli oğulların müharibə zamanı göstərdikləri igidlikdən danışdılar. Bir daha bildirildi ki, Vətən yolunda şəhid olanlar ölmürlər. Bizim Ehtiram cismən aramızda olmasa da, mənən qəlbimizdə yaşayır. Onun müqəddəs ruhu ən uca zirvələrdə dolaşır. Məlumat üçün bildirək ki, Ehtiram Həsən oğlu Hüseynli 1977-ci ildə Lənkəran şəhərində  anadan olub. Şəhər 6 saylı məktəbi bitirdikdən sonra, yəni 1994-1998-ci illərdə N.Tusi  adına Azərbaycan Pedaqoji Universitetində İlkin Hərbi və Fiziki Təlim fakültəsində oxuyur. Ali məktəbi yüksək savadla başa vurub bir müddət elə doğma məktəbində gənc nəslin təlim-tərbiyəsi   ilə məşğul olur, onlara Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyir. 2000-2002-ci illərdə Azərbaycan Silahlı  Qüvvələrinin tərkibində Ordubad rayonunda yerləşən hərbi hissədə Vətəninin xidmətində dayanır. Leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxır. Xidməti bitirib, yenidən doğma  məktəbə qayıdır...

İkinci Qarabağ müharibəsində baş leytenant Ehtiram Hüseynli  Vətənin çağırışına könüllü yollanır. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlərdə  qəhrəmanlıq göstərir. Oktyabrın 21-də son dəfə döyüş meydanına girir və çoxlu sayda erməni dığasını məhv edir.

 Ehtiram Hüseynlinin  özündən sonra canından üstün tutduğu  Vətəninə, xalqına əmanət qoyduğu Həsən adlı oğlan övladı var.

Zəfər ORUCOĞLU.