Peşəkar hərbçi idi, beş dil bilirdi
Region

Peşəkar hərbçi idi, beş dil bilirdi

Cəbrayıl rayonunun müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki 8 saylı tam orta məktəbdə şair Mirzə Mirimlinin müəllifi olduğu Vətən müharibəsi şəhidi, Milli Ordumuzun cəsur mayoru Elsevər Vaqif oğlu Paşayevə həsr olunmuş “24 günün hünəri” kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yazarlar, ədəbiyyatsevərlər, gənclər iştirak edirdilər.

Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür yolunun maraqlı məqamlarından söhbət açdılar.

Kitabda Azərbaycanın döyünən ürəyi olan Qarabağın tarixi, Vətən müharibəsi, qəhrəmanımızın döyüş yolu, dostlarının, yaxınlarının Elsevər haqqında xatirələri geniş yer almışdır. Qeyd edilmişdir ki, Vətən müharibəsində Cəbrayıl rayonu 33 şəhid verib. Onların hər birinin keçdiyi yol bizim üçün qürur və fəxarətdir. Eləcə də 32 yaşında şəhidlik zirvəsinə ucalan Elsevər Paşayevin. Elsevər Paşayev peşəkar hərbçi idi. 5 dil bilirdi. O, yüksək nüfuz sahibi kimi Əfqanıstanda olanda Amerika səfiri ilə görüşmüş, NATO sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərmişdir. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək 400-ə yaxın əsgərimizi mühasirədən çıxarıb. Kapitan kimi döyüşlərə başlayan Elsevər mayor kimi döyüş yolunu davam etdirib. Oktyabr ayının 19-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə minaya düşərək, ağır yaralanır, onu həyata qaytarmaq mümkün olmur və oktyabrın 25-də şəhadətə qovuşur. II Fəxri Xiyabanda dəfn olunub. İki qız övladı yadigar qalıb. Elsevər Paşayevin Vətən müharibəsində qəhrəmanlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda şəhid haqqında videoçarx izlənildi, müəllifin imzası ilə tədbir iştirakçılarına kitablar təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.