Anklav olmayan kəndlər geri qaytarılır
Siyasət

Anklav olmayan kəndlər geri qaytarılır

İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə müasir Azərbaycan tarixinə zəfər səhifələri kimi yazıldı. Cəmi 44 gün çəkən müharibədə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Nəticədə, Ermənistan kapitulyasiya aktına imza atdı və üzərinə bir sıra öhdəliklər götürdü. Ötən ilin sentyabrında Qarabağda separatizmə son qoymaq üçün lokal antiterror tədbirləri keçirildi. Heç bir gün belə çəkməyən əməliyyatda Azərbaycan tərəfi böyük uğur qazandı və suverenliyimiz tam bərpa olundu. Bu günlərdə isə Rusiya sülhməramlı kontingenti ərazilərimizi tərk etdi. Həmin qələbələrdən sonra ölkəmizi narahat edən daha bir problem var idi ki, bu, Qazax rayonunun 4 kəndinin Azərbaycana geri qaytarılması idi. Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan düşməndən azad edilmişdi. Aprelin 19-da dünya ictimaiyyəti eyni hadisəyə - Qazaxın 4 kəndinin də bir güllə atılmadan Azərbaycana qaytarılmasına şahidlik etdi.

Aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü baş tutub. Görüş çərçivəsində tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqının süqutu dövrünə qədər mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Əlavə olaraq, tərəflərin delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqları bildirilib. İki ölkə, eyni zamanda həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq). Görüşün sonunda isə protokol imzalanıb və növbəti toplantının keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması barədə razılığa gəlinib.

Xüsusi vurğulamaq lazımdır ki, hələ 2020-ci ildə Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini gündəmə gətirmişdi. Həmin vaxtdan etibarən kəndlərin qaytarılmasının vacibliyi diqqətə çatdırılır və sözügedən istiqamətdə mühüm işlər həyata keçirilirdi. Sərhəddə baş tutan görüşdə əldə olunan razılıq delimitasiya çərçivəsində atılan ilk addım kimi qiymətləndirilir. Diqqətçəkən məqamlardan biri delitimasiyanın məhz bu istiqamətdə başlamasıdır. Şübhəsiz, bu da Azərbaycanın haqlı mövqeyi və qətiyyəti hesabına reallaşdı. Prezident İlham Əliyevin bu qələbəsi, həmçinin Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, qonşu ölkənin ərazisində hərbi hədəflərinin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatının da heç bir həqiqətə əsaslanmadığını bir daha ifşa etdi. Rəsmi Bakı nəinki ABŞ və Avropa İttifaqının bu məsələlərə müdaxiləsinin qarşısını aldı, eyni zamanda iki ölkə qarşılıqlı anlaşma şəraitində ümumi razılığa gələrək məsələni öz aralarında, üçüncü tərəfin iştirakı olmadan danışaraq həll etməsi şok effekti yaratdı.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Ermənistanın Tovuz rayonunun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatlar da mətbuatda sensasiya yaratmışdı. Hayastan lideri Əskipara (Voskepar) kəndinin sakinləri qarşısında çıxışında bildirmişdi ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, yeni müharibə ola bilər: "İmtina etsək, bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz". O, həmçinin deyib ki, Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir, buna görə "sərhədləri düzəltmək" lazımdır. Paşinyan nitqində Tovuz rayonunun Bağanis kəndindən Tovuz vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün "real imkanın olduğunu" da vurğulayıb. Baş nazirin çıxışından sonra delimitasiya prosesində razılıq əldə olunması artıq Ermənistan tərəfinin Azərbaycanın gücünə bələd olduğundan xəbər verir. Görünür, rəsmi İrəvan özünün olmayan torpaqlara görə "başını ağrıtmaq istəmir".

Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında vasitəçisiz təmasların aparılması daha effektivdir. Yəni iki ölkə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmadan belə sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilər. Ermənistan sivil qaydada davranarsa, başqalarının əlində alət olmazsa, regionda davamlı sülhü təmin etmək mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".