HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİASPORU
Siyasət

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİASPORU

Azərbaycanda "diaspor" anlayışı ulu öndər Heydər Əliyev ikinci dəfə respublika rəhbərliyinə gələndən sonra yaranmağa başladı. Buna baxmayaraq, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəllərdən başlanmışdı. Amma digər dünya xalqları ilə müqayisədə azərbaycanlılar doğma torpaqlarına daha çox bağlı olduqları üçün, onların vətəni tərk edib kənarda yaşamaları çətin olmuşdur. Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə yaşayan azərbaycanlılar nəzərdə tutulur. Başqa sözlə, Azərbaycan diasporu - taleyin hökmü və qonşu imperiyaların ekspansiyası ilə azərbaycanlıların bütün Yer kürəsinə yayılmış bir hissəsidir. Əgər təbii miqrasiyanı və ötən əsrlərdə baş vermiş hadisələr nəticəsində epizodik olaraq yerdəyişmələri nəzərə almasaq, azərbaycanlılar özlərinin tarixi ərazilərində həmişə sabit yaşamışlar.

"Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı ölkəmizin hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, həmçinin bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.

XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət aldı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırımı, etnik təmizləmə siyasəti də belə məkrli strateji niyyətlərdən törənmişdir.

1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı 1958-ci ildə ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis etdi. Sonralar bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik etmişdir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmur.

İkinci Dünya müharibəsi dövründə və müharibədən sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar hesabına olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı repressiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayı artmışdır.

Qeyd etmək lazımdır ki, son onilliklər ərzində təxminən 40 milyondan çox azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də dünyaya mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyi dövründən etibarən respublikamızın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələ başlandı.

Keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəlişin, iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə Azərbaycanda milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqımızın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

Heydər Əliyevin rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdi. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtmış və ölkəmizin ümumi inkişafına öz töhfələrini vermişlər. Onların bir qismi isə təhsil aldıqları şəhərlərdə məskunlaşmışlar.

Dünya azərbaycanlılarının milli şüurunun güclənməsində Heydər Əliyevin Sovet dövlətinin rəhbərlərindən biri kimi Moskvadakı fəaliyyəti dövründə də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz dahi Liderin dünyamiqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünəinamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

Keçən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında, imperiyanın sərhədləri çərçivəsində cərəyan edən hadisələr demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmışdı. Azərbaycanda isə bu proses daha sürətlə gedirdi. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülmüşdü. Erməni separatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağda həyata keçirdikləri təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.

1990-cı il 20 Yanvar hadisələri isə Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının həmrəyliyini göstərdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə Moskvada yaşayan, vətəndaş qeyrəti və həqiqi vətənpərvərliyindən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, Azərbaycan xalqının siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın gələcək taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider Heydər Əliyevin ətrafında birləşdirdi.

Hazırda dünyanın əksər ölkələrində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanması prosesi bu gün də uğurla davam edir. Ayrı-ayrı fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər bir araya gələrək Azərbaycan federal birlikləri yaradıblar. Bunlardan Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini, Qırğızıstanda "Azəri" İctimai Birliyini və s. misal göstərə bilərik. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətəni Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişlər. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevirmək məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına müntəzəm olaraq diqqət yetirir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə edir. Beləliklə Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosiasiyası öz fəaliyyətlərini vahid mərkəzdə birləşdirərək Azərbaycan federal birliklər sırasına qatılmışlar. Bu Federal birliklər dünyada Azərbaycan diasporunun təşkilatlanması və fəallıqlarının artırılması üçün zəruri tədbirlər görür, üzərlərinə götürdükləri vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.

Azərbaycanlıların ilk miqrasiyası XIX əsrin əvvəllərində baş verən faciəli hadisələr nəticəsində başlamış və xalqımıza böyük fəlakətlər gətirmişdi. Şimaldan və cənubdan iki qonşu imperiya nə qədər mümkündürsə, xalqımızı köçürməyə və fiziki cəhətdən məhv etməyə çalışmışlar.

Azərbaycanlıların ilk qaçqınlıq dövrü XIX əsrin ilk illərindən başlayaraq 10 il davam edən birinci Rusiya-İran müharibəsi (1804-1813) dövründə başladı. Bu dövrdə yalnız Qarabağın dağlıq hissəsindən 3 min azərbaycanlı ailəsi qaçqın düşdü, 7 min insan isə Azərbaycandan kənara köçürüldü.

Tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən 1813-cü ilin 12 oktyabrda Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış, Gülüstan müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaqla, yerdə qalan bütün xanlıqlar - Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki Rusiyaya verilir.

Türkmənçay sülh müqaviləsi isə Qacarlar ilə Rusiya imperiyası arasında 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanan və ikinci Rusiya-İran müharibəsini (1826-1828) bitirən müqavilədir. Bu müqaviləyə əsasən Gülüstan sülh müqaviləsində Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərinə də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğu qəbul edilirdi. İki imperiya arasında sərhəd isə Araz çayı idi. Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

Rusiyanın qələbəsi ilə bitən müharibədən sonra bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazlarsa Rus ordusu Tehranı tutacaqdır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkmənçay müqaviləsinin Azərbaycan üçün hökmü aradan qalxdı və müqavilə öz əhəmiyyətini itirdi. Belə tarixi hadisələri erməni şovinistləri yaddan çıxarmasalar onlar üçün faydası olar.

1828-ci il Türkmənçay müqaviləsindən sonra minlərlə erməni İran və Türkiyədən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarına köçməyə başladı. 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7%), 91-i kürd kəndi (27,8%) idi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra isə Zəngəzura 81 erməni kəndi (24,8%) köçürüldü. 1800-cü illərin əvvəllərinə kimi Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə, hətta bir adam da yaşamayıb.

Bütün bunlar XIX əsrin sonunda Cənubi Qafqazda azərbaycanlıların sayının kəskin azalmasına gətirib çıxardı. Bu isə çarizmin azərbaycanlıları öz doğma yurdlarından köçürmə siyasəti idi. Bu siyasət azərbaycanlıların Avropa, Amerika, Yaxın Şərq və s. ölkələrə köçmələrinə səbəb oldu. İndi Azərbaycan Respublikasında 10,2 milyona yaxın, Cənubi Azərbaycanda - İran İslam Respublikasında isə 40 milyondan çox soydaşımız yaşayır. 10 milyonadək soydaşımız isə doğma torpaqlardan uzaqlarda - ABŞ-da, İraqda, Almaniyada, Fransada, Cənubi Afrikada, Gürcüstanda, İngiltərədə, Kanadada, Rusiyada, Avstraliyada, Baltikyanı və Skandinaviya ölkələrində, Mərkəzi Asiyada və digər ölkələrdə yaşayır.

Ağalar ABBASBƏYLİ,

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları.