ABŞ nümayəndə heyəti ölkəmizdə bərpa və quruculuğu yüksək qiymətləndiriblər
Diaspora

ABŞ nümayəndə heyəti ölkəmizdə bərpa və quruculuğu yüksək qiymətləndiriblər

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Meyn ştatının rəsmilərindən və ictimaiyyətinin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Meyn ştatının senatoru Cil Dyuson, Nümayəndələr Palatasının üzvləri Deqa Dalak, Mana Abdi, hakim Pol Aranson, Böyük Portland İmmiqrant Qarşılama Mərkəzinin (GPIWC) İcraçı direktoru, yazıçı Rza Cəlali, “Gateway Community Services” Miqrantlarla İş üzrə Qeyri-Kommersiya təşkilatının icraçı direktoru Abdulla Əli, “Change to Advance” Miqrantlarla İş üzrə Qeyri Kommersiya Təşkilatının rəhbəri Exlas Əhmədin daxil olduğu nümayəndə heyəti səfərin ilk günü Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində sədr Fuad Muradovla görüşüb. Komitə sədri avqustda Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsindən bəhs edib. Qonaqlar Azərbaycan haqqında müəyyən məlumatları olduqlarını qeyd ediblər. Qarabağa səfərin onlar üçün yaddaqalan olduğunu deyən nümayəndə heyəti orada aparılan sürətli bərpa və yenidənqurmanı yüksək qiymətləndiriblər.

Daha sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu, Şirvanşahlar Saray Kompleksini, Qız Qalasını, Azərbaycan Milli Xalça Muzeyi, Yanardağ, Atəşgah, Təzəpir məscidi, Heydər Əliyev Mərkəzində olublar. Azərbaycan Diplomatik Akademiyası, Ələt Azad İqtisadi Zonası, Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyində bir sıra görüşlər keçiriblər.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Samir Poladov və Ceyhun Rzayevlə görüşdə müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Sədr müavini Fuad Hüseynov Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar Qubadar icra hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırımı Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.

Mustafa KAMAL,

“Respublika”.