DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VLADİMİR PUTİN: DÜNYA GERİ DÖNÜŞÜ OLMAYAN NÖQTƏYƏ YAXINLAŞIB

Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb. "Report" agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışlarından danışarkən deyib.

Prezident vurğulayıb ki, Rusiya daim xarici tərəfdaşlara təhlükəsizliklə bağlı konstruktiv həllər təklif edir, lakin bu cəhdlər cavabsız qalıb: "Qərb elə hesab edir ki, Soyuq müharibədə qalib gəlib və dünya nizamını müəyyən edə biləcəklərini düşünürlər, eləcə də Moskvanın suallarını müxəlif bəhanələrlə cavablandırıblar".

Vladimir Putinin sözlərinə görə, dünya sürətlə dəyişir, nə qlobal siyasətdə, nə də iqtisadiyyatda əvvəlki kimi olmayacaq. O qeyd edib ki, yeni reallıq əsasında çoxqütblü dünya düzəninin əsasları formalaşır: "Beynəlxalq məsələlərdə çoxqütblülük prinsiplərinin müəyyən edilməsi bizə ən mürəkkəb problemləri birlikdə həll etməyə imkan verir".

FRANSIZLARIN ƏKSƏRİYYƏTİ MAKRONUN İSTEFA VERMƏSİNİ İSTƏYİR

Sosial sorğuların nəticələrinə görə, fransızların əksəriyyəti prezident Emmanuel Makronun istefasını istəyir. "Trend" agentliyinin xəbərinə görə, bunu "Europe1", "CNews" və "Le Journal du Dimanche" kimi media orqanlarının sifarişi ilə keçirilmiş sorğuların nəticələri sübut edir.

Verilən xəbərə görə, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, onun istefa verməli olduğunu bildiriblər.

Bununla yanaşı, ikinci məğlubiyyətdən sonra ölkə prezidentinin istefa verməsini istəyənlərin əksəriyyəti 18-24 yaş arasında olan seçicilərdir (76 faiz).

Məlumata görə, siyasi cərəyanlara gəldikdə, solçuların 56 faizinin fikrincə, E.Makron Yelisey sarayındakı fəaliyyətinə son qoymalıdır. Sağçıların isə 75 faizi E.Makronun ikinci mandatı bitmədən Yeliseyi tərk etməsini arzulayır. Həmçinin "Milli Birlik" partiyasının tərəfdarlarının 83 faizi ölkə prezidentinin istefasını görmək istəyir.

Daha çox diqqət cəlb edən isə odur ki, Makronun özünün düşərgəsinin üzvlərinin 30 faizi onun getməsini gözləyir.

FİNLANDİYADA QUŞ QRİPİNƏ QARŞI VAKSİNASİYA APARILACAQ

Finlandiya tezliklə quş qripinə qarşı peyvəndləməyə başlamağı planlaşdırır. "TASS" agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Sosial Rifah və Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Finlandiya 15 ölkəni əhatə edən Avropa İttifaqının birgə satınalması çərçivəsində vaksinlər əldə edəcək.

Bildirilir ki, quş qripinə qarşı peyvənd "Seqirus UK Ltd." əczaçılıq şirkəti tərəfindən hazırlanıb və bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq. "Birgə satınalmada iştirak edən ölkələr milli ehtiyaclarından asılı olaraq peyvəndlər sifariş edəcəklər", - deyə nazirliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, quş qripi A(H5N1) 2020-2023-cü illərdə Avropada vəhşi quşlar arasında geniş yayılmışdı. Finlandiyada A(H5N1) virusu 2023-cü ilin yayında çöl quşlarının kütləvi ölümünə və xəzli heyvanların yoluxmasına səbəb olub. Qeyd edilir ki, Finlandiyada indiyədək insanların quş qripinə yoluxması halları aşkar edilməyib.

“BAYRAKTAR TB2”LƏR RUMINİYA ORDUSUNUN ARSENALINA DAXİL EDİLİB

Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları Rumıniya Quru Qoşunlarının arsenalına daxil edilib. "Report" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ümumi dəyəri təxminən 321 milyon dollar olan üç sistemin hər birində altı PUA olacaq. Bu ayın sonu və ya gələn ayın əvvəlində Rumıniya hərbçiləri ilk sınaq uçuşları həyata keçirə biləcəklər.

Qeyd edək ki, müqavilə ötən il imzalansa da, PUA-lar 2024-cü ilin iyunu, 2024-cü ilin sentyabrı və 2025-ci ilin yanvarında Rumıniyaya çatdırılacaq.

Eyni zamanda, bu ilin fevral-iyun aylarında Rumıniya naviqasiya personalının birinci qrupu istehsalat zavodunda texniki avadanlıqların idarə edilməsi üçün Türkiyədə təlim keçib.

UKRAYNAYA SİLAH TƏDARÜKÜNƏ ARTIQ NATO NƏZARƏT EDƏCƏK

NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər. "Report" agentliyinin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

"NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək", - deyə o vurğulayıb.

Bununla yayanaşı, baş katibin sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.

Məlumat üçün qeyd edək ki, NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.

BVF ARGENTİNAYA 800 MİLYON DOLLAR MALİYYƏ VƏSAİTİ AYIRIB

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Argentinaya 800 milyon dollar maliyyə vəsaiti ayrıldığını açıqlayıb. "Trend" agentliyinin məlumatına görə, bu barədə BVF-nin saytında bildirilib.

Açıqlamaya əsasən, bu qərar ölkənin genişləndirilmiş kreditlərin verilməsi şərtlərinə uyğunluğunun səkkizinci baxışının nəticələrinə əsasən verilib.

"Direktorlar Şurasının qərarı Argentina hakimiyyətinin inflyasiya prosesini konsolidasiya etmək, büdcə və xarici ehtiyatları və iqtisadiyyatı bərpa etmək səylərini dəstəkləmək üçün təxminən 800 milyon dollar ayırmağa imkan verir", - deyə açıqlamada bildirilib.

Eyni zamanda, Direktorlar Şurası Argentinanı büdcə siyasəti göstəricilərini yaxşılaşdırmağa, pul-kredit, eləcə də valyuta siyasəti mexanizmlərini təkmilləşdirmək üçün addımlar atmağa, həmçinin həssas əhali qruplarına dəstəyi artırmağa çağırdığını vurğulayıb.

"TESLA" ZAVODLARINDA MİNLƏRLƏ İNSANABƏNZƏR ROBOT ÇALIŞACAQ

"Tesla" elektrik avtomobili fabriklərində minlərlə insanabənzər robotlar işləyəcək. Bunu "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask bəyan edib.

İlon Mask hesab edir ki, insanabənzər robotların avtonomluq səviyyəsini tezliklə əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq - onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək və onlardan da eyni şeyi tələb etmək kifayət edəcək.

"Proqnozlarıma görə, gələn il "Tesla"da min, bəlkə də bir neçə mindən çox "Optimus" robotu çalışacaq", - deyə şirkət rəhbəri vurğulayıb.

Bununla yanaşı, İlon Mask istisna etməyib ki, "Optimus" robotlarının yeni növləri insanlar kimi videolara baxaraq müxtəlif bacarıqlar əldə edə biləcəklər.

Qeyd edək ki, "Tesla" gələn il insanabənzər "Optimus" robotlarının satışına başlamaq niyyətindədir. "Optimus" obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində mükəmməlləşdiriləcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.

Hazırladı: Vamiq ABBASOV,

“Respublika”.