Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub
Elm və təhsil

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub

Bu il keçirilən respublika fənn olimpiadalarının yekununa əsasən, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə final mərhələsində çıxış edən 60 məktəblidən 32 nəfəri qalib adını qazanıb.

Regional idarədən "Respublika"ya bildirilib ki, olimpiadalarda Neftçala rayonu üzrə 8 medal (1 qızıl, 2 gümüş, 5 bürünc), Şirvan şəhəri üzrə 16 medal (2 qızıl, 6 gümüş, 8 bürünc), Salyan rayonu üzrə 3 medal (2 gümüş, 1 bürünc), Biləsuvar rayonu üzrə 4 medal (1 gümüş, 3 bürünc), Hacıqabul rayonu üzrə 1 medal (1 gümüş) əldə olunub. Beləliklə, 3 nəfər qızıl, 12 nəfər gümüş, 17 nəfər isə bürünc medala layiq görülüb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsində 2 məktəblimiz 3-cü dərəcəli diploma layiq görülüb.

Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinə 64 şagird, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final mərhələsinə isə 7 şagird vəsiqə qazanıb.

“Əlaçı” televiziya layihəsində 2 şagird qalib olub.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələrinə əsasən 145 məktəbli ikinci mərhələdə iştirak etmək hüququ əldə edib.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində müvafiq regionun məktəbləri üzrə 55 şagird iştirak edib.

Bütün iqtisadi regionları əhatə edən İqtisadiyyat müsabiqəsinin regional mərhələsində 2 şagird iştirak edib, onlardan biri milli tur mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, müsabiqə xarici dildə (ingilis dilində) təşkil edilib.

2023-2024-cü tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə XI siniflərin buraxılış imtahanlarının ümumi orta balı 116,07 olub. 2022-2023-cü il tədris ili ilə müqayisədə 21,46 bal irəliləmə müşahidə olunur.