Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib
Elm və təhsil

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

Mayın 18-də paytaxtda ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Respublika”ya bildirilib ki, paytaxt üzrə monitorinq üçün ayrılan 91 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, idarənin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, mayın 19-da ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçiriləcək. Ölkə üzrə mayın 18-19-da IV və VI sinif şagirdlərini əhatə edən monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulur.