AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və təhsil

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Bolqarıstana səfəri çərçivəsində Sofiya şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski çıxış edərək hazırkı mərhələdə Bolqarıstan Elmlər Akademiyasının elmi prioritetləri və əlaqələri barədə ətraflı məlumat verib. Akademik Azərbaycanla Bolqarıstan akademiyaları tərəfindən imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki ölkənin müvafiq elmi qurumları arasında əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, Azərbaycan-Bolqarıstan əlaqələri elmi əməkdaşlıq sahəsinin inkişafına da təkan verib. AMEA-nın prezidenti Bolqarıstanla elmi əməkdaşlıq sahəsində süni intellekt, elektron xidmətlər, seysmologiya, antropologiya, etnologiya, arxeologiya, ədəbi-mədəni əlaqələr və sair kimi elmi istiqamətlərin ön mövqeyə çəkiləcəyini qeyd edib, müştərək elmi layihələrin müəyyən edilərək həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra AMEA ilə BEA arasında elmi əməkdaşlıq müqaviləsini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və BEA-nın prezidenti, akademik Yulian Revalski imzalayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və Bolqarıstan EA Rəyasət Heyətinin üzvləri də iştirak ediblər.

"Respublika".