Müstəqillik tariximizin unudulmayan səhifəsi
Tarix

Müstəqillik tariximizin unudulmayan səhifəsi

Xalqımızın daim azadlıq ruhu ilə yaşaması, öz taleyinə biganə qalmaması bu gün ölkəmizin dünya dövlətləri içində var olmasının əsas səbəblərindəndir. Hürriyyət eşqini hər zaman qəlbində daşıyan azərbaycanlılar XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da bir yumruq kimi birləşərək parçalanmaqda olan Vətənin müdafiəsinə qalxaraq dövlət müstəqilliyini bərpa etdi. Bu baxımdan xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

70 il Sovet imperiyasının tərkibində yaşayan Azərbaycan bu illər ərzində SSRİ rəhbərlərinin yanlış qərarları ucbatından tarixi torpaqlarının itirilməsi ilə üzləşdi. Daim ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın 1920-ci ildə Zəngəzura yiyələnməsi ermənilərin iştahını daha da artırdı. Təbii ki, onların istəkləri bununla bitmədi. Beləliklə, ermənilər həmçinin Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayətini də Ermənistan SSR-ə birləşdirməyi qərara aldılar. 1987-ci ildən başlayaraq, erməni millətçiləri DQMV-ni Ermənistanın tərkibinə qatmaq üçün ciddi səylə hazırlaşdılar. Radikal ermənilərin Şuşa şəhəri yaxınlığında yerləşən Topxana meşəsində törətdiyi vəhşiliklər, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi və SSRİ-nin ölkəmizə qarşı apardığı antimilli siyasət Bakıda milli hissləri daha da alovlandırdı. Nəticədə 1988-ci il noyabrın 17-də paytaxt Bakıda Azadlıq meydanında Sovetlər Birliyinin anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq mitinqlərə başlanıldı. Moskvanın və Azərbaycanın ovaxtkı rəhbərlərinin bir ovuc erməniyə hakim kəsilə bilməməsi ilə barışmayan milli təəssübkeşlərin "Meydan hərəkatı" dekabrın 4-dək davam etdi.  SSRİ-nin süqutunda böyük rol oynayan "Meydan hərəkatı" sovet qoşunları tərəfindən dağıdılsa da, bu, xalqımızın milli azadlıq ruhunu boğa bilmədi. Bütün proseslər Azərbaycanın dövlət müstəqilliyinin bərpasına doğru addım-addım irəliləməkdə davam edirdi.

Hadisələrin bu cür davam etməsini həzm edə bilməyən SSRİ-nin rəhbər şəxsləri 1990-cı il yanvarın 20-də qanlı faciə törətdilər. Lakin bu qanlı terror aktı da xalqın mübarizə əzmini qıra bilmədi. Həmin dönəmdə Moskvada olan ümummilli lider Heydər Əliyevin ürəyi Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə aparan azərbaycanlıların yanında idi. Məhz buna görə də o, böyük cəsarət göstərib Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı Yanvar faciəsini pisləyən bəyanat verdi və birbaşa olaraq Kommunist partiyasının rəhbərliyini əməllərinə görə ittiham etdi. Ulu öndərin bu bəyanatı onun üçün həyati təhlükə daşısa da vətən və millət sevgisini öz canından uca tutan Heydər Əliyev xalqın dərdinə şərik çıxmağı özünə borc bilmişdi.

Uzun illər SSRİ-də ən yüksək vəzifələrdə çalışan Heydər Əliyevin 1990-cı ildə Azərbaycana qayıtması tarixdə yeni bir səhifə açdı.  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı olaraq qəbul edildi. O, insanların dirçəliş və oyanışını mütərəqqi səmtə yönəldib onları tam istiqlaliyyət uğrunda mübarizə aparmağa səslədi və az bir müddət sonra müstəqilliyimiz yenidən bərpa olundu.

Amansız totalitar rejimə qarşı etiraz etməkdə, özündə güc və cəsarət tapan azərbaycanlılar 2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasında əsas aparıcı qüvvəyə çevrildilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmən üzərində qələbə qazanan Müzəffər Ordumuz milli qürurumuzu özümüzə qaytardı. Üçrəngli Dövlət Bayrağımız artıq Vətənimizin hər bir guşəsində dalğalanır.

Musa BAĞIRLI,

"Respublika".