Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 25-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

21 oktyabr

  • Vətən müharibəsinin 25-ci günündə Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatlarını davam etdirib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib. Bölmələrimiz Zəngilan rayonu istiqamətində, eləcə də Füzuli və Cəbrayıl rayonları ərazisində Ermənistan işğalçı qüvvələrinə qarşı uğurlu döyüş əməliyyatlarını davam etdiriblər.
  • Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən qənimət götürülüb. İşğalçı Ermənistan ordusunun 556-cı alayının taboru sıradan çıxarılıb.
  • Prezident İlham Əliyev rəsmi tviter səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib: "Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
  • "Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib". Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun daha üç kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib".
  • Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib: "Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir…".
  • Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.
  • Azərbaycanın Müdafiə Nazirliyi artilleriya bölmələrimizin gecə və gündüz atışlarının videogörüntülərini paylaşıb. Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikaların görüntülərini yayıb.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntüləri yayılıb.
  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizion və tabor komandirləri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

"Respublika".