Beynəlxalq miqyaslı sui-qəsd
Tarix

Beynəlxalq miqyaslı sui-qəsd

Azərbaycanın qəlbinə yadellilərin fitvası ilə sancılmış erməni məsələsi iki əsrdən çox davam etdi, daşnak epidemiyası virus kimi torpaqlarımızı zəhərləyib, ermənilər tərəfindən törədilən deportasiya, işğal, soyqırımı, məcburi köçkünlük xalqımızın taleyinə çox ağır zərbələr vurub. Bir çox faciələr xalqımızın taleyindən fırtına kimi keçib, başımızın üzərində həmişə sərt küləklər əsib. Torpaqlarımızı parçalayıblar, azərbaycanlılar bir əsrdə bir neçə dəfə deportasiyaya məruz qalıb, əzəli və əbədi torpaqlarından zorla köçürülüblər, ən ağrılısı odur ki, bu fitnə-fəsadı həmişə erməni əli ilə törədiblər.

Qarabağda dinclik və əmin-amanlıq çox ciddi şəkildə pozulmuşdu. Artıq ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edir, dinc sakinləri qətlə yetirir, sərnişin avtobuslarını atəşə tuturdular. Bölgədə müharibə qığılcımları gündən-günə alovlanırdı. Belə ziddiyyətli iki il başa çatanda keçmiş sovetlər birliyinin prezidenti, əlləri dirsəyinə qədər xalqımızın qanına bulaşan Mixail Qorbaçov 1990-cı ildə Azərbaycanda fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etdi. Qarakənd faciəsi də həmin dövrdə baş verdi. Həmin faciənin üstündən 32 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib, onun üzərinə çökmüş sirr pərdəsi çözülməyib. Bir çox sadə suallara cavab tapılmayıb. Məsələn, nəyə görə münaqişə zonasında dövlət rəsmiləri, jurnalistlər bir helikopterə miniblər?! Nə üçün döyüş zonasının üzərindən uçan həmin helikopteri başqası müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi?

Sonradan istintaq müəyyən edib ki, 1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam aeroportunun uçuş zolağındakı iki helikopterin yanacaq çənləri doldurulub. Mİ-8 N69 helikopterini 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantey Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Nədənsə ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən saat 13:48 dəqiqədə birincinin yerinə havaya qalxıb. Hesablamalara görə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42-də vurulub. Maraqlıdır ki, bu faciə haqqında xəbər Xankəndidə erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə saat 15:30-da bildirilib. Halbuki həmin vaxt Azərbaycanda hadisənin baş verməsi haqqında heç bir məlumat olmayıb və görünən odur ki, ermənilər bu sui-qəsdi əvvəlcədən planlaşdırıblar.

Məlum olduğu kimi, Azərbaycan 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini elan etdi. Çökməkdə və dağılmaqda olan keçmiş sovet imperiyası bu müstəqilliyi və azadlığı çox böyük qısqanclıqla, eyni zamanda qatı düşmən kimi qarşıladı, xalqın azadlıq və müstəqillik istəyini keçmiş Dağlıq Qarabağda məskunlaşmış erməni separatçılarının əli ilə boğmağa başladı. 1991-ci il noyabrın 18-də Xocavənd kəndi işğal edildi. Ağdamın mərkəzi meydanı məcburi köçkünlərlə dolmuşdu. Həmin dövrdə Ağdamda da vəziyyət olduqca gərgin idi. Noyabrın 20-də səhər dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Ağdama gəldilər və kəndlərdən qovulmuş əhali ilə rayon icraiyyə komitəsinin binasında görüş keçirildi. Zal tamamilə dolu idi. Rəyasət heyətində Tofiq İsmayılov əyləşmişdi. Digər rəsmilər də zalda idi. Qarabağda fövqəladə vəziyyət rejiminin komendantı İ.Jinkin də ordaydı. Tofiq müəllim ona sual verdi ki, "siz hərbi komendantsınız, bölgəyə cavabdehsiniz. İnsanlar isə erməni vəhşiliyindən danışır. Niyə tədbir görmürsünüz?". Hərbi komendantla Tofiq İsmayılovun çox sərt söhbəti oldu. Xocavənd istiqamətində getmək qərarı məhz həmin iclas zalında verildi. Qəfil qərar idi və əvvəlcədən belə söhbət yox idi. Dramatik və gərgin vəziyyət yaranmışdı. Təxminən bir saat, bir saat yarım iclas keçirildi. Jurnalistlərə Osman Mirzəyev elan etdi ki, yalnız Azərbaycan televiziyasının müxbiri və operatoru gedəcək. Bu proses təxminən bir saata yaxın vaxt apardı. Ona görə də hesab edirəm ki, həmin müddətdə vertolyotun hərəkət istiqaməti haqqında ermənilərə məlumat çatdırılıb. Çünki keçmiş Martuni rayonundan həmin yerə gəlmək üçün ermənilərə yarım saat vaxt lazım idi. Bu istiqaməti ermənilərə işarə verən kim ola bilərdi?!. Ruslar, xarici ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri?! Qeyd edək ki, helikopterin vurulması ilə bağlı həmin dövrdə saysız-hesabsız fərziyyələr və şayiələr dolaşırdı.

Həmin vaxtlar hadisələrin ən qaynar nöqtələrində xidmətdə olan polis polkovniki, Bakı Slavyan Universiteti Beynəlxalq münasibətlər fakültəsi Diplomatiya və xarici siyasət kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədov hadisə haqqında deyir: - Bugünkü kimi yadımdadır, helikopter göyə qalxanda hava günəşli idi. Qarabağın dağ yamacları açıq-aydın görünürdü. Helikopter havaya qalxandan bir qədər sonra hərbi komendantın müavini V.İ.Kuşnarikin sürücüsü Vidadi gəldi və məni kənara çəkib dedi ki, Kuşnarik hava telefonu ilə hərbi hissəyə məlumat verib ki, polkovnik Sadir Məmmədov bütün təcili yardım maşınlarını Mərzili postuna yığsın. Sonra deyəsən, helikopter vurulub dedi. Helikopterin vurulması haqqında Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə, sonra hava telefonu ilə Ağsu dolamasındakı DAM (Dövlət Avtomobil Müfəttişliyi) postuna da məlumat verdim və Mərzili postuna yollandım. Yolu bağlayan rus hərbçilər məni Kuşnariklə calaşdırdılar. Kuşnarik bildirdi ki, helikopter parça-parça olub və güclü alov içindədir. Ona yaxın getmək qeyri-mümkündür. Biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik, artıq bir neçə yerdə parça-parça alov qalxırdı. Bizi orada Kuşnarik qarşıladı və dedi ki, onsuz da helikopterə yaxın düşmək mümkün deyil və bir nəfərin də sağ qalmaq ehtimalı yoxdur. Hadisə ərazisi çevrələndi, postlar qoyuldu.

Səhəri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin də məlumatı yayıldı. Məlumatda deyilirdi ki, Azərbaycanın görkəmli dövlət xadimlərinin yerləşdiyi helikopter Xocavənd rayonunun Qarakənd kəndində dumana düşmüş, dağa dəyərək qəzaya uğramışdır. Təəssüf ki, bu xəbər yanlış idi, əsl həqiqət isə sonradan məlum oldu.

Bir neçə jurnalist Ağdamda yerləşən "Qarabağ" qəzetinin xidməti maşınına əyləşərək təcili hadisə yerinə getdik. Lakin rus əsgərləri bir neçə kilometr məsafədə yolu bağlayaraq hadisə yerini nəzarətə götürmüşdülər. Oraya heç kəsi buraxmırdılar. Geri qayıtmağa məcbur olduq. Növbəti gün səhər saat 11-dən sonra hadisə yerinə getməyə icazə verdilər. Açıq-aydın məlum oldu ki, qəza yerində təmizləmə işləri aparılıb və ermənilər bütün izləri silmək istəyiblər. Çox dəhşətli mənzərə idi. Açıq görünürdü ki, helikopter yerdə partladılıb yandırılmışdı, cəsədləri isə tanınmaz hala salmışdılar. İstintaq qrupu tərəfindən dindirilən bir çoban hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Çoban qəzanın necə baş verməsi ilə bağlı bildirmişdi ki, helikopter atəş nəticəsində yerə düşüb və yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bu da onu sübut edirdi ki, orada helikopter partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Bu sui-qəsd Ermənistanın törətdiyi cinayətlərin qarşısını almağa çalışan Azərbaycanın yüksək çinli dövlət nümayəndələrinə qarşı həyata keçirildi. Helikopterin qara qutusunun hara, necə və kimlər tərəfindən aparıldığı məlum olmadı. Respublikamızın hüquq-mühafizə orqanlarına Dağlıq Qarabağda istintaq aparmaq qismət olmadı. Çünki bu hadisədən sonra azərbaycanlıları Xankəndiyə buraxmadılar. Ermənilərin bu cinayəti törətməkdə əsas məqsədi Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən tam çıxarmaq idi. Təəssüf ki, dünyanın taleyini müəyyən edən, haqdan və demokratiyadan dəm vuran, başqa xalqlara dərs keçmək həvəsində olan dövlətlər həmin dövrdə Azərbaycan xalqının başına gətirilən müsibətlərə və faciələrə göz yumdular. Beynəlxalq miqyaslı sui-qəsd törədildi.

Salman ALIOĞLU,

"Respublika".