DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ ÇİN LİDERLƏRİNİN GÖRÜŞÜNƏ DAİR RAZILIQ ƏLDƏ OLUNUB

ABŞ və Çin rəsmiləri gələn ay San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində prezident Cozef Bayden və Si Cinpin arasında görüş üçün prinsipial razılığa gəliblər. Bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasına görə, görüşün təfərrüatları, yeri və digər məsələlər hələ müzakirə edilməyib.

Xəbər verilir ki, bu ərəfədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi prezident Cozef Bayden və Çinin xarici işlər naziri Van İnin APEC sammitində ABŞ-Çin sammitinin mümkünlüyünü müzakirə edib-etmədiyinə aydınlıq gətirməkdən imtina edib.

Con Kirbinin sözlərinə görə, Cozef Bayden Si Cinpinlə “yenidən görüşməyi tamamilə gözlədiyini” qeyd edib. Görüş baş tutsa, bu, iki liderin 2022-ci ilin noyabrında İndoneziyada danışıqlar aparmasından sonra ilk dialoqu olacaq.

QAZAXISTANDA ŞAXTADA BAŞ VERƏN PARTLAYIŞLA BAĞLI MATƏM ELAN EDİLİB

Qazaxıstanda Karaqanda vilayətindəki şaxtada baş verən partlayışla əlaqədar ölkədə 29 oktyabr ümummilli matəm günü elan olunub. Verilən xəbərə görə, bu barədə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev bəyan edib.

Açıqlamaya əsasən, oktyabrın 28-də səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində şaxtada güclü partlayış baş verib.

Rəsmi məlumatlara görə, ölən şaxtaçıların sayı artıq 32 nəfərə çatıb, 15 nəfərin axtarışları davam edir.

Prezident Kasım-Jomart Tokayev hadisə yerinə gələrək şaxtaçıların yaxınlarına və doğmalarına başsağlığı verib. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Partlayış zamanı şaxtada 252 nəfər olub və onlardan 205-i partlayışdan dərhal sonra çıxarılıb.

DANİMARKADA “QURAN”LA BAĞLI QANUN LAYİHƏSİ PARLAMENTƏ GÖNDƏRİLİB

Danimarka hökuməti öz ərazisində “Quran”ın yandırılmasına qadağa qoyulması haqqında dəyişdirilmiş qanun layihəsini parlamentə təqdim edib. “Frans-Press” agentliyinin verdiyi xəbərə görə, qanunun birinci versiyası fikir ifadəsi azadlığına qoyulan məhdudiyyətlərə və onun tətbiqi ilə bağlı çətinliklərə görə tənqid olunduqdan sonra yenidən hazırlanıb.

Danimarka Ədliyyə Nazirliyinin açıqlamasına görə, qanun layihəsində böyük əhəmiyyət kəsb edən müqəddəs kitablara qarşı pis rəftar ilə mübarizədə konkret tədbirlər və bu əməllərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulub.

Qanun layihəsinin məqsədi “Danimarka üçün terror təhlükəsinin artmasına şərait yaradan” aksiyalara qarşı tədbirlər görməkdir. Qanun layihəsi parlamentin noyabrın 14-də keçiriləcək iclasında müzakirə olunacaq.

Verilən xəbərə görə, Danimarka ərazisində “Quran”ın yandırılmasından sonra hökumət ötən il avqustun sonunda müvafiq qanunu qəbul edəcəyini açıqlamışdı. “Quran”ın yandırılması İslam ölkələrində narazılıqlara səbəb olmuş və milli asayişi təhlükə altında qoymuşdu.

DÜNYANIN ƏN TƏHLÜKƏLİ TURİZM MƏKANI

Dünyanın turistlər tərəfindən ziyarət olunan ən təhlükəli təbii məkanlarının siyahısında Alp dağlarının 4810 metr hündürlükdəki Monblan zirvəsi birinci yerdə dayanır. “Trend” agentliyinin verdiyi xəbərə görə, ekstremal turizm üzrə ekspertlər bu yüksəkliyi turistlərə ölüm gətirən yer adlandırıblar.

Bildirilir ki, sözügedən zirvədə hər il onlarca dağ səyahətini sevən insanlar həlak olurlar.

Məlumata əsasən, antireytinq onluğunda yer alan təbii məkanların əksəriyyəti dağ zirvələridir. İkinci yeri Şotlandiyada ən yüksək dağ olan Ben-Nevis, üçüncünü isə Yaponiyadakı Fudziyama supervulkanı tutur. Dördüncü yer planetimizin ən yüksək zirvəsi Everestə məxsusdur. Beşinci yerdə isə Afrikanın məşhur stratovulkanı olan Kilimancaro qərarlaşıb.

Qeyd edilir ki, dünyadakı ən təhlükəli təbii məkanların onluğunun siyahısını ardıcıl sıralama ilə Yosemit milli parkı (ABŞ), CAR-dakı Tafelberq dağı, Matterhorn (İsveçrə), Böyük Kanyon (ABŞ), Moher qayalıqları (İrlandiya) davam etdirir.

İSRAİL BMT-NIN QƏZZADA ATƏŞKƏSLƏ ƏLAQƏDAR QƏTNAMƏSİNİ RƏDD EDİB

İsrail BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəsə çağıran qətnaməsini rədd edərək, Fələstinin radikal HƏMAS təşkilatını zərərsizləşdirmək niyyətindədir. “Report” agentliyinin məlumatına görə, bunu İsrailin xarici işlər naziri Eli Koen bildirib.

“İsrail BMT Baş Assambleyasının “atəşkəs” çağırışını qətiyyətlə rədd edərək, HƏMAS-ı dünyanın nasistlərə və “İslam dövləti”nə qarşı hərəkəti kimi zərərsizləşdirmək niyyətindədir”, - deyə nazir vurğulayıb.

Xəbər verildiyi kimi, BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub.

Məlumata əsasən, İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəliş nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Qətnamə layihəsinin qəbulunda 120 ölkə “hə”, 14 ölkə “xeyr” səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, iki gün davam edən fövqəladə xüsusi sessiyada bölgədə zorakılığın dayandırılması, eləcə də daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

ABŞ-DA 22 NƏFƏRİ QƏTLƏ YETİRƏN ŞƏXS ÖLÜ TAPILIB

Birləşmiş Ştatların Lyuiston şəhərində 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən ehtiyatda olan hərbçi, 40 yaşlı Robert Kard iki günlük axtarışlardan sonra ölü tapılıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, R.Kardın cəsədi atışma baş verən yerdən təxminən 8 mil aralıda, Lisbon şəhəri yaxınlığındakı meşədə tapılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, həmin yer Kardın bu yaxınlarda işdən çıxarıldığı tullantıların təmizlənməsi zavodunun yaxınlığındadır. Yerli mətbuatda onun intihar etdiyi qeyd olunur. Kardın ölümü həmçinin dövlət orqanları tərəfindən də təsdiqlənib.

Eyni zamanda, Men ştatının qubernatoru Canet Mills bu barədə ABŞ prezidenti Cozef Baydenə və ştatın konqres nümayəndə heyətinə məlumat verdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 26-da Lyuiston şəhərində kütləvi atışma baş verib. Hücum nəticəsində azı 22 nəfər həlak olub, 60 nəfər yaralanıb. Bu faciə 2023-cü ildə ABŞ-da qeydə alınan artıq 565-ci belə hadisədir.

BU ÖLKƏDƏ ÖVLADLARI MƏKTƏBDƏN YAYINAN VALİDEYNLƏR HƏBS EDİLƏCƏK

Cənubi Afrika Respublikasının  parlamenti övladları məktəbə getməyəcək valideynlər üçün həbs cəzası nəzərdə tutan təhsil qanununu qəbul edib. Bu barədə “Report” agentliyi ölkənin “SABC” media qrupuna istinadən məlumat yayıb.

Bildirilir ki, yeni təhsil qanunvericiliyinə əsasən, övladlarının dərsdən yayınacağı təqdirdə valideynləri 12 aya qədər həbs cəzası gözləyir. Oxşar cəza övladını məktəb yaşına çatanda məktəbə qeydiyyata yazdırmayan valideynlər üçün də tətbiq ediləcək.

Verilən xəbərə əsasən, yeni qanun həm də məktəblərdə fiziki cəza növlərini tamamilə qadağan edir. Cənubi Afrika məktəblərində bu cəza növü 1997-ci ildə ləğv olunub, lakin bir çox məktəblərdə müəllimlər hələ də ondan istifadə edirlər.

Qeyd edilir ki, səsvermə zamanı parlamentarilər qanunun məktəbdə təhsil sisteminin daha səmərəli olmasına hesablandığını vurğulayıblar. Son araşdırmalara görə, Cənubi Afrika Respublikasında 10 yaşınadək hər 10 məktəblidən 8-i oxumaqda çətinlik çəkir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.